Türkiyə və Suriya xarici işlər nazirləri Hələbdəki vəziyyəti müzakirə ediblər
Telefon danışığında Hakan Fidan və Əsəd Həsən Şeybani son günlər terrorçu qrup YPG tərəfindən törədilən hücumlar haqqında danışıblar
Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə suriyalı həmkarı Əsəd Həsən Şeybani yanvarın 9-da telefon danışığı zamanı Hələb şəhərindəki son vəziyyəti nəzərdən keçiriblər. Bu barədə məlumat Türkiyənin diplomatik mənbələrindən əldə olunub.
Suriyalı rəsmilərin bildirdiyinə görə, terror təşkilatı YPG yanvarın 6-dan etibarən işğal etdiyi ərazilərdən Hələbdə bir neçə nöqtəyə hücumlar həyata keçirib.
Suriya Müdafiə Nazirliyi yanvarın 9-da səhər tezdən müvəqqəti atəşkəs elan edərək silahlı qruplaşmalara şəhərdən çıxmaları üçün altı saat vaxt verib.
Qruplaşmaya verilən müddət yerli vaxtla saat 09:00-da (06:00 GMT) başa çatıb. Bundan sonra Suriya ordusu şəhər mərkəzində YPG mövqelərinə qarşı anti-terror əməliyyatları apararaq əsasən Əşrəfiyyə və Bəni Zeyd məhəllələrinin nəzarətini təmin edib.
Hücumlar davam etdiyi bir vaxtda Suriya ordusu təşkilatın işğalı altında olan Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrindəki mövqelərə qarşı da hərbi əməliyyatlara başlayıb.
Xatırladaq ki, bu il martın 10-da Suriya prezidentliyi SDG təşkilatının dövlət qurumlarına inteqrasiyasına dair sazişin imzalandığını açıqlayıb. Həmin açıqlamada ölkənin ərazi bütövlüyünün yenidən təsdiqləndiyi və bölünmə cəhdlərinin rədd edildiyi bildirilib.
Lakin rəsmilərin sözlərinə görə, həmin tarixdən bəri SDG razılaşmanın şərtlərini yerinə yetirmək üçün hər hansı real addım atmayıb.
Qeyd edək ki, 6 yanvar tarixindən bu yana təxminən doqquz suriyalı həyatını itirib, əksəriyyəti mülki şəxslər olmaqla 55 nəfər isə terror təşkilatının törətdiyi hücumlar nəticəsində yaralanıb.
Hələb Şəhər Mərkəzi Komitəsi bu həftə ərzində 142 min nəfərin şəhər daxilində təhlükəsiz ərazilərə təxliyə edildiyini açıqlayıb.
Aİ-dən Suriyanın bərpasına “tam dəstək” öhdəliyi
Eyni zamanda Avropa Komissiyasının sədri Ursula von der Leyen yanvarın 9-da paytaxt Dəməşqə səfəri zamanı Suriya rəhbərliyi ilə görüşərək Avropanın Suriyanın bərpası və yenidən qurulmasına tam dəstək verəcəyini bəyan edib.
Von der Leyen “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada deyib: “İllərdir davam edən qorxudan sonra suriyalılar ümid yolunda uzun bir səfərə başlayıblar. Avropa Suriyanın bərpasını və yenidən qurulmasını dəstəkləmək üçün əlindən gələni edəcək.”
Von der Leyenlə birlikdə səfərdə olan Avropa İttifaqı Şurasının sədri Antonio Kosta prezident Əhməd Şara və bir sıra suriyalı rəsmilərlə görüş küçirib. A.Kosta bildirib ki, Avropa İttifaqının bu səfəri Suriya xalqına davam edən dəstəyin nümayişidir.