Adolf Hitlerin doğulduğu ev polis məntəqəsinə çevrilir
Adolf Hitlerin doğulduğu evin polis məntəqəsinə çevrilməsi Avstriyanın Braunau am Inn şəhərində müxtəlif reaksiyalara səbəb olub
Adolf Hitlerin doğulduğu evin polis məntəqəsinə çevrilməsi Avstriyanın Braunau am Inn şəhərində müxtəlif reaksiyalara səbəb olub.
Hökumət 2016-cı ildə köhnəlmiş binanı sahibindən almaq üçün qanun qəbul edib. Avstriya 1938-ci ildə Hitler Almaniyası tərəfindən ilhaq edildikdən sonra Holokostdakı rolunu tam qəbul etmədiyi üçün tez-tez tənqid olunub.
Keçmiş nasistlər tərəfindən qurulan ifrat sağçı Azadlıq Partiyası 2024-cü il seçkilərində ən çox səs toplamasına baxmayaraq hökumət formalaşdıra bilməyib. Buna baxmayaraq, partiya hələ də rəy sorğularında liderliyini qoruyur.
Adolf Hitlerin 1889-cu ilin 20 aprelində anadan olduğu və uşaqlığının qısa bir dövrünü keçirdiyi həmin ev şəhər mərkəzində, mağazaların yerləşdiyi dar bir küçədə yerləşir. Evin qarşısında yerləşdirilmiş xatirə daşının üzərində "Sülh, Azadlıq və Demokratiya Uğrunda. Bir daha faşizm olmasın. Milyonlarla ölü bizə xəbərdarlıq edir" sözləri qeyd olunub. Avstriya Daxili İşlər Nazirliyinin açıqlamasına görə, polis əməkdaşlarının 2026-cı ilin ikinci rübündə bu binaya köçməsi planlaşdırılır. Lakin Holokost qurbanlarını təmsil edən yazıçı və Avstriya Mauthausen Komitəsinin üzvü Lüdviq Laher binanın polis məntəqəsinə çevrilməsinin problemli olduğunu düşünür. O, bildirir ki, polis hər bir siyasi sistemdə dövlətin maraqlarını qorumaqla vəzifəlidir, bu səbəbdən də binanın funksiyası müzakirə mövzusudur. Laher həmçinin qeyd edib ki, əvvəllər bu məkanın insanların sülh quruculuğu haqqında müzakirələr apara biləcəyi bir mərkəzə çevrilməsi ideyası cəmiyyətdə böyük dəstək görmüşdü.
Bununla belə, binanın bərpasını dəstəkləyənlər də var. Bir zamanlar Daxili İşlər Nazirliyi tərəfindən icarəyə götürülən binada əlilliyi olan şəxslər üçün mərkəz fəaliyyət göstərib, lakin zamanla istifadəyə yararsız hala gəlib.
Braunau şəhərinin mühafizəkar meriyası isə mövzu ilə bağlı AFP agentliyinə şərh verməkdən imtina edib.
Avstriyada Holokost tarixi ilə üzləşmə mövzusu dəfələrlə kəskin müzakirələrə səbəb olub. Nasist rejimi dövründə təxminən 65 000 Avstriya yəhudisi qətlə yetirilib, 130 000 nəfər isə ölkədən sürgün edilib.