B.Netanyahu:“İrana qarşı müharibəni bütün gücümüzlə davam etdirəcəyik”

O, bildirib ki, ABŞ ilə birlikdə həyata keçirilən bir həftəlik intensiv hava hücumlarından sonra Tehran üzərində demək olar ki, tam hava nəzarətini ələ keçiriblər

By
B.Netanyahu:“İrana qarşı müharibəni bütün gücümüzlə davam etdirəcəyik” / AP

İsrailin sağçı lideri Benyamin Netanyahu ölkəsinin İrana qarşı müharibəni "bütün gücü ilə" davam etdirəcəyini bəyan edib.

O, bildirib ki, ABŞ ilə birlikdə həyata keçirilən bir həftəlik intensiv hava hücumlarından sonra Tehran üzərində demək olar ki, tam hava nəzarətini ələ keçiriblər.

Məsələ ilə bağlı açıqlama verən Netanyahu İran rejimini məhv etmək üçün sistemli bir planlarının olduğunu vurğulayıb.

"Vətəndaşlar, siz mənə, hökumətə və qəhrəman əsgərlərimizə qələbəyə qədər davam etməyi deyirsiniz. Sizi əmin edə bilərəm ki, bütün gücümüzlə yolumuza davam edəcəyik",-deyə Benyamin Netanyahu qeyd edib.

Benyamin Netanyahu bildirib ki, İsrail və ABŞ pilotlarının birlikdə həyata keçirdiyi bombardman əməliyyatları nəticəsində İranın paytaxtı üzərində tam üstünlük əldə ediblər.

İran xalqına müraciət edən B.Netanyahu "həqiqət anının" yaxınlaşdığını deyib. O, 7 oktyabr hadisələrindən sonra vəd etdikləri kimi, həm Yaxın Şərqin simasını, həm də İsrailin regiondakı mövqeyini dəyişdiklərini qeyd edib.

Netanyahu düşmənlərini məhv etmək üçün ən riskli qərarları qəbul etməkdən çəkinmədiyini də bildirib.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində aralarında ali dini lider Əli Xamenei və yüksək rütbəli təhlükəsizlik rəsmilərinin də olduğu yüzlərlə insan həlak olub.

Rəsmi Tehran isə cavab olaraq İsrailə qarşı çoxsaylı raket və PUA hücumları həyata keçirib, həmçinin ABŞ-ın Körfəz ölkələri və İordaniyadakı hərbi obyektlərini hədəf alıb.