Gürcüstan Baş naziri İrakli Kobaxidze Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin “NSosyal” platformasında yayımladığı məlumata bildirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 11-də Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi yük təyyarəsi ilə bağlı axtarış-xilasetmə işlərindəki son vəziyyəti müzakirə ediblər.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin “NSosyal” platformasında yayımladığı məlumata əsasən, İrakli Kobaxidze qəza nəticəsində həlak olan türk hərbçilərlə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Prezident Ərdoğan isə Gürcüstan Baş nazirinə dəstəyinə və həmrəyliyinə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, noyabrın 11-də Türkiyəyə məxsus “C-130” tipli hərbi yük təyyarəsi Azərbaycandan Türkiyəyə gedərkən Gürcüstanda qəzaya uğrayıb.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 20 nəfər olub. Nazirlik daha sonra bildirib ki, axtarış-xilasetmə və araşdırma qrupları Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə saat 06:30-da Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında araşdırmalara başlayıblar.