Ukrayna Rusiyaya ABŞ istehsalı ATACMS raketləri ilə zərbə endirdi

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna qüvvələri cənubdakı Voronej şəhərində mülki obyektləri vurmaq məqsədilə ABŞ istehsalı olan dörd ATACMS raketi atıb

By
Ukrayna Rusiyaya ABŞ istehsalı ATACMS raketləri ilə zərbə endirdi

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna qüvvələri cənubdakı Voronej şəhərində mülki obyektləri vurmaq məqsədilə ABŞ istehsalı olan dörd ATACMS raketi atıb.

Noyabrın 19-da Ukrayna ordusu Rusiyadakı hərbi hədəfləri ABŞ tərəfindən göndərilən ATACMS raketləri ilə vurduğunu açıqlayıb.

Ukrayna bu sistemləri 2023-cü ildə alıb və əvvəlcə onlardan yalnız öz ərazisində istifadə etməsinə icazə verilib. Qeyd edək ki, Ukrayna ərazisinin təxminən beşdə biri hazırda Rusiya nəzarəti altındadır.

Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında etdiyi paylaşımda bu ifadələrə yer verib:
“Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri və ‘‘Pantsir’’ raket-artilleriya kompleksləri atılan bütün ATACMS raketlərini məhv edib.”

Nazirlik əlavə edib ki, məhv edilmiş raketlərin qalıqları Voronej şəhərindəki qocalar evinin və uşaq evinin damlarına, eləcə də bir yaşayış evinə ziyan vurub. Mülki itki və ya xəsarət yoxdur.

Xarkov vilayətinin qubernatoru Oleq Sinegubov bildirib ki, Rusiyanın PUA hücumu nəticəsində ikisi uşaq olmaqla ən azı 36 nəfər yaralanıb. Slobidski və Osnovyanski rayonlarına edilən hücum zamanı doqquzmərtəbəli binada yanğın baş verib, nəqliyyat vasitələri, qarajlar və supermarketə ziyan dəyib. Xilasedicilər 48 nəfəri təxliyə edib.

Moskva Ukraynanın enerji infrastrukturuna hücumlarını intensivləşdirir.

Ukrayna Prezidenti Volodimir Zelenski qış mövsümünün çətinlikləri və nəticəsiz sülh danışıqları fonunda ordunu gücləndirmək və kritik infrastrukturu qorumaq üçün Avropaya səfər edib.