Ə.Ərdoğan "TRT World Citizen Awards" mərasimində humanitar fəaliyyət göstərənləri mükafatlandırıb

Mərasim beynəlxalq miqyasda humanitar fəaliyyətlərin təqdimatı ilə yadda qalıb

By
Ə.Ərdoğan "TRT World Citizen Awards" mərasimində humanitar fəaliyyət göstərənləri mükafatlandırıb / AA

TRT tərəfindən fevralın 13-də təşkil olunan 7-ci “TRT World Citizen Awards” mərasimi müxtəlif qitələrdə dərin humanitar izlər buraxan şəxsləri bir araya gətirib. Tədbir çərçivəsində həyatları yaxşılaşdıran və ən çətin şəraitdə insan hüquqlarını müdafiə edən müəllimlər, gənc liderlər, kommunikasiya mütəxəssisləri, memarlar və hüquq müdafiəçiləri təltif olunublar. Ölkənin birinci xanımı Əminə Ərdoğan tədbirdə çıxış edərək dilin, rəngin və coğrafiyanın fövqündə dayanan bu görüşdə iştirakdan məmnunluğunu bildirib.

O, rəsmi “X” hesabında paylaşdığı mesajda tədbirin insanlığın sərhəd tanımadığını bir daha xatırlatdığını, saysız-hesabsız adsız qəhrəmanın daha ədalətli dünya naminə fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edilib ki, builki mükafatlar müxtəlif təsir istiqamətlərini ön plana çıxarıb.

Türkiyə prezidentinin həyat yoldaşı Əminə Ərdoğan mərasimdə qlobal dəyişimin öncüllərini mükafatlandırıb. Təhsil sahəsində mükafat Livan və İordaniyada on minlərlə qaçqın əhalidən olan uşağın keyfiyyətli təhsilə çıxışını təmin edən rəqəmsal öyrənmə modeli ilə seçilən “Thaki” platformasının təsisçisi və icraçı direktoru Rudayna Abdoya təqdim olunub. İanə edilən kompüterləri yenidən istifadəyə qaytararaq onları oflayn tədris materialları ilə təmin edən R.Abdo ən çox ehtiyac olan yerlərdə təhsil imkanlarını genişləndirən davamlı və hüquq əsaslı model formalaşdırıb.

“Gənclər” mükafatı isə tullantılarla dolu əraziləri təkrar emal materiallarından qurulan təhlükəsiz oyun meydançalarına çevirən ekoloji təşəbbüslərinə görə nigeriyalı fəal Amara Nvuneliyə verilib. Onun fəaliyyəti uşaqların oyun hüququnu müdafiə edir.

Kommunikasiya sahəsində mükafat süni intellekt və bulud texnologiyalarının insan hüquqları pozuntuları ilə əlaqələndirilməsinə qarşı prinsipial mövqe nümayiş etdirən proqram mühəndisləri İbtihal Abousaad və Vaniya Agravala birgə təqdim olunub. Onlar rəqəmsal dövrdə kommunikasiya sahəsinin etik məsuliyyət daşıdığını və texnologiyanın insanlığa xidmət etməli olduğunu vurğulayıblar.

Axşamın ən təsirli məqamı isə “İlin Dünya Vətəndaşı” mükafatının Qəzzada 30 sentyabr tarixində İsrailin hücumu nəticəsində həlak olmuş jurnalist Yahya Barzakın xatirəsinə həsr edilməsi olub. O, Qəzzada mülki əhalinin yaşadıqlarını sənədləşdirərkən həyatını itirib.

Əminə Ərdoğan çıxışında Y.Barzaka və İsrail tərəfindən öldürülmüş bütün fələstinlilərə ehtiramını bildirib. O, Y.Barzakı Qəzzanın həqiqətlərini dünyaya çatdırarkən şəhid olmuş bir qəhraman adlandıraraq, bütün fələstinli şəhidlər üçün dua edib və həmrəylik mesajı verib.

Mərasimdə Əminə Ərdoğanın Yahya Barzakın anasını qucaqlaması təsirli məqam kimi qiymətləndirilib.

 

Digər mükafatlar

“Ömürboyu Nailiyyət” mükafatı böhran və münaqişə zonalarında pulsuz səhiyyə obyektləri inşa edən humanitar memarlıq fəaliyyəti ilə tanınan italiyalı memar Raul Pantaleoya təqdim olunub. O, memarlığın sosial ədalət və həmrəylik vasitəsi ola biləcəyini nümayiş etdirib.

“Əlçatanlıq” mükafatı müsəlman icmalarında əlilliyi olan şəxslərin ibadət məkanlarında bərabər və maneəsiz iştirakını təmin etməyə yönəlmiş təşəbbüslərinə görə Joohi Tahirə təqdim olunub. Onun həmtəsisçisi olduğu MUHSEN vasitəsilə ibadət məkanlarında əlçatanlıq standartlarının tətbiqi və bərabər iştirakın təmin olunması istiqamətində sistemli model formalaşdırılıb.

Əminə Ərdoğan çıxışında bildirib ki, mükafatçıların hekayələri insanlığın ümidsizliyə təslim olmadığını göstərir. O, dünyanın müxtəlif yerlərində insanların ədalət uğrunda mübarizədə doğru mövqe tutmağa davam etdiyini vurğulayıb. Ölkənin birinci xanımı bütün qalibləri təbrik edib və TRT ailəsinə, eləcə də proqramın təşkilinə töhfə verən hər kəsə təşəkkürünü bildirib.