Türkiyə Sudana çağırış etdi

Türkiyə Sudanın əl-Faşir şəhəri və ətraf ərazilərdə hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırış edib

Türkiyə Sudana çağırış etdi / AA

Türkiyə Sudanın əl-Faşir şəhəri və ətraf ərazilərdə hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırış edib.

Türkiyə Xarici İşlər Nazirliyinin oktyabrın 28-də yaydığı bəyanatda təhlükəsiz keçidin təmin olunması, humanitar yardımın fasiləsiz çatdırılması və günahsız mülki şəxslərə qarşı hücumların dayandırılması tələb olunub.

Rəsmi Ankara Sudandakı son hadisələri dərin narahatlıqla izlədiyini bildirib və Ərəb Liqasının mövqeyi ilə razılaşdığını vurğulayıb. Nazirlik əl-Faşirdə mülki şəxslərə qarşı törədilən zorakılığı qətiyyətlə pisləyib. Ərazi həftəsonu hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) nəzarəti altına keçib.

Nazirlik həmçinin Türkiyənin Sudanın birliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyib və münaqişənin sülh yolu ilə həlli üçün dialoqun vacibliyini vurğulayıb.

Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasındakı toqquşmalar 2023-cü ilin aprel ayından bəri davam edir. Münaqişə nəticəsində minlərlə insan həyatını itirib, 14 milyondan çox insan isə didərgin düşüb.