Rusiya Ukraynada daha iki kəndi nəzarətə götürdü

Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib

Rusiya Ukraynada daha iki kəndi nəzarətə götürdü / Reuters

Oktyabrın 22-də Rusiya Müdafiə Nazirliyi transsərhəd əməliyyatların intensivləşməsi nəticəsində Ukraynanın cənub-şərqində iki kəndin – Zaporojye vilayətindəki Pavlivka və Dnepropetrovskdakı İvanivka kəndlərinin rus qüvvələrinin nəzarətinə keçdiyini açıqlayıb.

Nazirliyin rəsmi “Telegram” kanalında yayılan bəyanatda həmçinin Ukraynanın enerji obyektlərinə zərbələr endirildiyi bildirilib. Bu hücumların Rusiyanın mülki obyektlərinə edilən hücumlara cavab xarakteri daşıdığı bildirilib.

Hər iki tərəf bir gecə ərzində intensiv raket hücumları həyata keçirib. Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın zərbələri nəticəsində Kiyev və ətrafında altı nəfər həlak olub.

Ukrayna ordusu Rusiyanın Bryansk bölgəsində kimyəvi obyektə zərbə endirdiyini, hücum zamanı Fransa və Britaniyanın “Fırtına Kölgəsi” raketlərindən istifadə etdiyini bildirib. Bu hücumların Ukraynanın davam edən müdafiə əməliyyatlarının bir hissəsi olduğu vurğulanıb.

Vladimir Putin və Donald Tramp ötən həftə telefon əlaqəsi saxlayaraq Macarıstanda sammit keçirmək barədə razılığa gəliblər. Kreml sammitin bir neçə həftə ərzində baş tuta biləcəyini açıqlayıb.

Lakin diplomatik səylərin dayandığını bildirən Ağ Ev yaxın vaxtlarda ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşün planlaşdırılmadığını açıqlayıb. Tramp “boş yerə görüş istəmirəm” deyib, Moskva isə oxşar mövqe nümayiş etdirib.

Buna baxmayaraq Rusiya rəsmiləri sammitə hazırlıqların davam etdiyini bildirirlər. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, “tarixlər hələ müəyyən edilməyib, lakin hərtərəfli hazırlıq tələb olunur və bu müəyyən vaxt aparacaq”.

Peskov həmçinin deyib ki, bu barədə çoxlu şayiələr var və onların əksəriyyəti əsassızdır. Hələlik heç bir yeni məlumat yoxdur.

Görüşün gecikməsi Rusiyanın ABŞ-a Ukraynanın cənub-şərqindəki Donbas bölgəsinin tam nəzarətinin Rusiyaya verilməsini tələb edən sülh şərtlərini təkrarlaması ilə əlaqələndirilir.

‘‘Reuters’’ agentliyinə müsahibə verən üç mənbənin bildirdiyinə görə, bu tələb Trampın ötən həftə verdiyi bəyanatın rədd edilməsi anlamına gəlir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov rəsmi Moskvanın mövqeyini Vaşinqtona çatdırıb-çatdırmadığını açıqlamayıb. O, görüşə hazırlıqların davam etdiyini və böyük maneənin olmadığını bildirib.