Zəmanəmizin yeni kosmik yarışı
PUBLİSİSTİK YAZILAR
5 dəqiqə oxuma
Zəmanəmizin yeni kosmik yarışıSüni intellekt dövrünün ən maraqlı layihələrindən biri olan kosmos əsaslı məlumat mərkəzləri
Zəmanəmizin yeni kosmik yarışı

Bugünkü məqaləmizdə süni intellekt dövrünün ən maraqlı layihələrindən biri olan kosmos əsaslı məlumat mərkəzləri haqqında danışacağıq.

Çin aprel ayında Yer kürəsindən 800 kilometr yüksəklikdə məlumat mərkəzləri qurmaq üçün beşillik planını açıqladı. İlon Mask da may ayında bənzər planlarını bəyan etdi və "SpaceX"in orbital məlumat mərkəzi hədəflərini maliyyələşdirmək üçün intensiv vəsait toplamağa başladı.

Mütəxəssislər bu sahədəki inkişafı süni intellekt infrastrukturunun Yer kürəsindəki məhdudiyyətlər olmadan genişlənə biləcəyi kosmik mühitdə məlumat mərkəzləri qurmaq üçün strateji addım kimi qiymətləndirirlər.

Problem nədədir?

Dünyadakı məlumat mərkəzləri süni intellektin doymaq bilməyən enerji ehtiyacı səbəbindən böyük təzyiq altında işləyir.

Qeyd edək ki, böyük süni intellekt modellərinin təlimi ildə yüz minlərlə evin elektrik ehtiyacını qarşılayacaq qədər enerji tələb edir.

Hətta məlumat mərkəzlərinə yaxın bölgələrdə elektrik enerjisinin qiyməti son beş ildə 267 faiz artıb. Orta hesabla 100 meqavatlıq məlumat mərkəzi gündə 6500 təsərrüfatın gündəlik su istehlakına bərabər su sərf edir.

 

Kosmosun təqdim etdiyi həll yolları

Kosmos boşluğu isə sonsuz günəş enerjisi və passiv soyutma imkanı yaradır. İlon Mask "Starlink V3" peykləri ilə dörd-beş il ərzində yüksək Yer orbitinə 100 giqavat güc təmin etməyi planlaşdırır. "Google" da "Project Suncatcher" təşəbbüsü ilə 2027-ci ildə öz prototip peykini orbitə buraxacaq.

Məlumata görə, Kosmosda soyutma ventilyatoru və ya su olmadan passiv soyutma mümkündür. Hətta xüsusi lazerlər peyklər arasındakı məlumatları fiber-optikdən daha sürətli ötürür. Bu isə süni intellekt modellərinin daha sürətli təlimi və qeyri-məhdud şəkildə böyüməsi deməkdir.

"Google"un baş icraçı direktoru Sundar Piçay on il ərzində kosmos əsaslı məlumat mərkəzlərinin bugünkü bulud serverləri qədər adiləşəcəyini proqnozlaşdırır. "ChatGPT" tərtibatçısı olan "OpenAI" də daxil olmaqla, bir çox başqa şirkət süni intellekt dövründə inkişaf etmək üçün orbital məlumat mərkəzlərinə investisiya qoyur.

 

Bu yolda qarşılanacaq çoxlu çətinliklər

Böyük süni intellekt şirkətlərinin nümayiş etdirdiyi nikbinliyə baxmayaraq, bir çox mütəxəssis orbitdə süni intellektə gedən yolun maneələrlə dolu olduğunu bildirir.

Avstriyadakı Avropa Kosmik Siyasət İnstitutunun elmi işçisi Cermeyn Qutyerres qeyd edir ki, kosmosda termal idarəetmə süni intellekt şirkətlərinin qarşılaşacağı ən mühüm çətinlikdir.

Süni intellekt çipləri güclü istilik yaradır. Kosmos boşluğunda isə onların temperaturunu aşağı salmaq üçün üzərinə hava üfürmək qeyri-mümkündür.

C.Qutyerres bunu belə izah edir: "Orbitdə istiliyi radiasiya vasitəsilə uzaqlaşdırmalısınız. Süni intellektin təlimi zamanı yaranan güc sıxlıqlarında bu istiliyi kənarlaşdırmaq, sadəcə daha böyük bir soyuducu istifadə etməklə həll olunmayan böyük bir struktur probleminə çevrilir."

Orbitə buraxılma xərcləri orbital məlumat mərkəzləri üçün digər bir çətinlik yaradır. C.Qutyerres bildirir ki, "Starship" kimi təkrar istifadə edilə bilən raketlər sayəsində daşınma qiymətləri kiloqram üçün təxminən 200 dollara düşənə qədər, bu xərclər problem olaraq qalacaq.

SETA düşüncə instutunun yeni texnologiyalar üzrə mütəxəssisi Ozan Əhməd Çetin də hesab edir ki, istiliyin paylanması orbital məlumat mərkəzlərinin qurulmasında əsas problemdir.

Enerji istehsalı orbital tutulmalarla mübarizə aparmaq üçün nəhəng günəş panelləri və batareyalar tələb edir. Radiasiya isə elektron hissələri sıradan çıxara bilər, bu da əlavə qorunma və yaranacaq xətalara davamlı proqram təminatı deməkdir.

Ozan Əhməd Çetin əlavə edərək deyir: "Bu çətinliklər aradan qaldırıla bilər, lakin birdən-birə həll olunmaları çətindir."

Vaxt məsələsinə gəlincə, hər iki mütəxəssis böyük iddialı ifadələrdən çəkinir.

C.Qutyerres proqnozlaşdırır ki, başlanğıc mərhələ 2027-ci ildə başlayacaq. Lakin böyük miqyaslı süni intellekt təlim müəssisələrinin onilliklər sonra qurulacağını deyir.

Həmçinin C.Qutyerres mərhələli inkişaf da proqnozlaşdırır: 2020-ci illərin sonundan 2030-cu illərin əvvəlinə qədər xüsusi tapşırıqlar üçün meqavatdan aşağı platformalar; buraxılış xərcləri azalarsa, 2030-cu illərin ortalarında onlarla və ya yüzlərlə meqavat; 2040-cı illərdə və ya daha sonra isə giqavat miqyasında platformalar.

Ozan Çetin də bu fikri dəstəkləyərək, xüsusi iş yükləri üçün 2020-ci illərin sonuna qədər kiçik orbital qovşaqların qurulacağını gözləyir. Lakin Yer kürəsində olanlara bənzəyən daha böyük məlumat mərkəzlərinin yaxın gələcəkdə mümkün olmadığını bildirir.

 

Ekoloji həll yolu

Kosmik məlumat mərkəzləri ekoloji cəhətdən əhəmiyyətli dərəcədə üstünlük təmin edəcək kimi görünsə də, reallıq o qədər də sadə deyil.

C.Qutyerres üç ekoloji üstünlüyə diqqət çəkir: daimi günəş enerjisi dünyadakı enerji şəbəkələrini yükləməyəcək; radiasiya ilə soyutma şirin su istifadəsini aradan qaldıracaq; orbitdəki qurğular isə dünyada hazırda bu iş üçün istifadə olunan geniş ərazilərin boşalmasına şərait yaradacaq.

Lakin orbital məlumat mərkəzləri tam bir ekoloji həll təqdim etmir. C.Qutyerres raket istehsalından qaynaqlanan ilkin tullantılar, artan buraxılış sayı və kosmik tullantılar kimi dəyişən ekoloji təsirlər barədə narahatlığını dilə gətirir.

"Əgər yerüstü məlumat mərkəzləri onsuz da təmiz enerji və qabaqcıl soyutma sistemləri ilə işləyirsə, bu mərkəzləri planetdən kənara çıxarmağın faydası azalır", – deyə o bildirir.

Ozan Çetin qeyd edir ki, orbital sistemlər su tələb edən soyutmadan imtina etməyə və şəbəkəni yükləməməyə kömək etsə də, raketlər və ehtiyat hissələri səbəbindən yeni xərclər yaradır.

Ozan Əhməd Çetin orbital sıxlıq kimi iqlimdən kənar problemlərlə bağlı narahatlıqları vurğulayaraq bildirir ki, Yerüstü süni intellekt infrastrukturunun tam alternativi olaraq ekoloji üstünlüklər hazırda qeyri-müəyyənliyini qoruyur.

C.Qutyerres aşağı xərc, ağır yük daşıma qabiliyyəti, təkrar istifadə imkanı, qabaqcıl radiatorlar və orbitdə yığım və xidmət üçün robotik sistemlər kimi amilləri kritik hesab edir.

Ozan Əhməd Çetin də bu fikirlə razıdır. O bildirir ki, kosmik sektorda görülən bir işin təkrar olunması fikri mülkiyyət hüquqları, ixrac nəzarəti və təchizat zəncirinin yetkinliyi kimi maneələr səbəbindən birdən-birə baş vermir.

O.Çetinin proqnozuna görə, yüksək kapital sahibi tərəflər dizaynları iki-dörd il ərzində təqlid edə bilsələr də, bu dizaynların daha geniş miqyasda mənimsənilməsi beş-on il çəkə bilər.

Yekunda isə Ozan Əhməd Çetin deyir ki, bu prosesin icrasındakı keyfiyyət və inteqrasiya sahəsindəki peşəkarlıq fərqləndirici amillər olaraq qalır.

Görünən odur ki, kosmos əsaslı məlumat mərkəzləri həyəcanverici gələcək vəd edir, lakin qarşıda dəf edilməli olan ciddi texniki və ekoloji çətinliklər var.

MƏNBƏ:TRT