ABŞ BMT-nin humanitar yardım təşkilatlarına 2 milyard dollar yardım vədi verib
Qərbin yardım kəsintilərinin düşünülməmiş addım olduğu, milyonlarla insanı aclıq, köçkünlük və xəstəlik riski ilə üz-üzə qoyduğu, həmçinin...
Donald Tramp administrasiyasının xarici yardımları azaltmaqda davam etdiyi və Birləşmiş Millətlər Təşkilatının qurumlarını yeni maliyyə çətinlikləri fonunda “uyğunlaşın, kiçilin və ya yox olun” çağırışı ilə üz-üzə qoyduğu bir dövrdə ABŞ BMT-nin humanitar fəaliyyətləri üçün 2 milyard dollar məbləğində ianə vədi verib.
Bu məbləğ ABŞ-ın əvvəlki illərdə ayırdığı vəsaitlərlə müqayisədə daha az olsa da, ölkənin dünyanın ən böyük humanitar donorlarından biri statusunu qoruyub saxlaması baxımından əhəmiyyətli hesab olunur.
Sözügedən yardım vədi vəsaitlərin müxtəlif agentliklər arasında bölüşdürülməsi və prioritet problemlərin həlli üçün istifadə olunmasını nəzərdə tutan “əsas fondu”nun yaradılmasını əhatə edir. ABŞ-ın əsas tələblərindən biri olan bu yeni bölgü mexanizmi BMT sistemində köklü dəyişikliklərə səbəb ola bilər və bir çox humanitar yardım işçisində proqramlar və xidmətlərin ciddi şəkildə azaldılacağına dair narahatlıq yaradıb.
BMT məlumatlarına görə, ABŞ-ın əvvəlki illərdə illik həcmi 17 milyard dollara çatan humanitar yardım öhdəlikləri bu il 2 milyard dollarla məhdudlaşıb. ABŞ rəsmiləri bildirir ki, bu məbləğin cəmi 8–10 milyard dolları könüllü ianələrdən ibarət olub. Bundan əlavə, ABŞ BMT-yə üzvlüyü çərçivəsində hər il milyardlarla dollar üzvlük haqqı ödəyir.
ABŞ-ın yardım kəsintilərini tənqid edənlər bu addımların uzaqgörən olmadığını, milyonlarla insanı aclıq, köçkünlük və xəstəlik təhlükəsi ilə üzləşdirdiyini, eyni zamanda ABŞ-ın beynəlxalq nüfuzuna zərər vurduğunu bildirirlər.
Humanitar yardımda böhran ili
Bu qərarla birlikdə qaçqınlar, miqrasiya və ərzaq yardımı ilə məşğul olan bir çox təşkilat kimi BMT qurumu üçün böhranla dolu bir ilin sonu çatıb. Tramp administrasiyası əsasən ABŞ-ın xarici yardım büdcəsindən milyardlarla dollar kəsinti etmişdi ki, bu da yardım təşkilatlarını xərcləri, layihələri və minlərlə iş yerini azaltmağa məcbur edib. Digər Qərb donor ölkələri də xərclərini ixtisar ediblər.
Dünyanın ən böyük humanitar yardım təminatçısı və ABŞ vəsaitlərinin əsas alıcısı olan BMT-yə yönəlik bu yardım vədi keçmiş britaniyalı diplomat Tom Fletçerin rəhbərlik etdiyi BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) ilə əldə olunan ilkin razılaşma çərçivəsində formalaşıb.
ABŞ yardımlarını geri çəkdiyi bir vaxtda qlobal ehtiyaclar sürətlə artıb. Bu il Sudan və Qəzzanın bəzi bölgələrində aclıq qeydə alınıb, alimlərin iqlim dəyişikliyi ilə əlaqələndirdiyi daşqınlar, quraqlıqlar və təbii fəlakətlər isə minlərlə insanın həyatını itirməsinə və ya evlərini tərk etməsinə səbəb olub.
Kəsintilər Beynəlxalq Miqrasiya Təşkilatı, Dünya Ərzaq Proqramı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) kimi qurumlar üçün ciddi nəticələr doğuracaq. Bu təşkilatlar bu il ABŞ-dan əvvəlki Bayden administrasiyası dövründəki illik ayırmalardan, hətta Trampın ilk prezidentlik dövründən belə milyardlarla dollar az vəsait alıblar.
İndi isə Fletçerin ofisinin – ötən il xərclənən vəsaitlərin səmərəliliyini artırmaq məqsədilə “humanitar yenidənqurma” təşəbbüsünə start verdiyi bir vaxtda – ABŞ və digər donorların ayırdığı vəsaitlərin ayrı-ayrı yardım çağırışları əvəzinə mərkəzləşdirilmiş şəkildə müvafiq qurumlara yönləndirilməsi ideyası müzakirə olunur.
ABŞ yardımların konsolidasiyasını istəyir
Cenevrədəki ABŞ diplomatik missiyasında ediləcək açıqlamadan əvvəl adının açıqlanmaması şərti ilə danışan yüksək rütbəli Dövlət Departamenti rəsmisi bildirib ki, ABŞ BMT-nin yardım bölgüsü sistemində “daha mərkəzləşdirilmiş liderlik səlahiyyəti” görmək istəyir.
Rəsminin məlumatına görə, plana əsasən Fletçer və onun rəhbərlik etdiyi koordinasiya ofisi vəsaitlərin hansı qurumlara necə paylanacağını müəyyən edəcək, yəni “kranı nəzarətdə saxlayacaq”.
ABŞ-ın BMT-dəki səfiri Maykl Uolts isə bildirib ki, BMT-də həyata keçirilən bu humanitar yenidənqurma daha az vergi vəsaiti ilə daha çox yardım göstərməli, ABŞ xarici siyasəti ilə uyğun və nəticəyönümlü olmalıdır.
ABŞ rəsmiləri qeyd edirlər ki, 2 milyard dollar bu ayın əvvəlində elan edilən OCHA-nın illik humanitar yardım çağırışının maliyyələşdirilməsinə dair ilkin addımdır. Fletçer mövcud çətin humanitar vəziyyəti nəzərə alaraq bu ilki yardım tələbini artıq azaltmışdı. Böyük Britaniya, Fransa, Almaniya və Yaponiya kimi digər əsas donor ölkələr də bu il ayrılacaq vəsaiti azaldaraq islahatlara çağırış ediblər.
Dövlət Departamentinin açıqlamasında deyilir ki, razılaşma BMT-nin humanitar funksiyalarını birləşdirməsini, bürokratik yükü, təkrarlanan prosesləri və ideoloji yanaşmaları azaltmasını tələb edir. Açıqlamada “BMT qurumları uyğunlaşmalı, kiçilməli və ya fəaliyyətini dayandırmalı olacaq” ifadəsi yer alıb.
Nazirlik əlavə edib ki, islahatların ən vacib olduğu sahə BMT-nin ən kritik vəzifələrini yerinə yetirən humanitar yardım qurumlarıdır və bu razılaşma prezident Trampın ABŞ-ın “dünyanın ən səxavətli ölkəsi” olacağına dair öhdəliyinin tərkib hissəsidir.
İslahat layihəsi əsasən konkret böhranlara və ehtiyac içində olan ölkələrə yönəldilə bilən maliyyə hovuzlarının yaradılmasını nəzərdə tutur. İlkin mərhələdə Banqladeş, Konqo, Haiti, Suriya və Ukrayna da daxil olmaqla 17 ölkə hədəf götürülüb.
Dünyanın ən ağır vəziyyətdə olan ölkələrindən biri sayılan Əfqanıstan proqramdan kənarda qalıb. Fələstin əraziləri də layihəyə daxil edilməyib; çünki oradakı ehtiyacların Trampın hələ yekunlaşmamış Qəzza sülh planı çərçivəsində qarşılanacağı nəzərdə tutulur.
Aylarla davam edən hazırlıqlardan sonra ortaya çıxan bu layihə Trampın uzun müddətdir səsləndirdiyi fikirlərə əsaslanır. Həmin fikirlərə görə, BMT böyük potensiala malik olsa da, onu reallaşdıra bilmir, ABŞ maraqlarını zəiflədir, radikal ideologiyaları təşviq edir və israfçı xərclərlə əsas missiyası olan insan həyatını xilas etməkdən uzaqlaşır.
Tom Fletçer razılaşmanı yüksək qiymətləndirərək deyib ki, qlobal gərginliyin pik həddə çatdığı bir anda ABŞ hər şeyini itirmiş insanlara ümid verir və humanitar supergüc olduğunu nümayiş etdirir.