Fobiyaların psixoloji sağlamlığa təsiri
PUBLİSİSTİK YAZILAR
5 dəqiqə oxuma
Fobiyaların psixoloji sağlamlığa təsiriHəqiqi və ya xəyali olmasından asılı olmayaraq, hər hansı bir təhdid düşüncəsi insanı izahı çətin olan bir hisslə iflic edə bilər...
Fobiyaların psixoloji sağlamlığa təsiri / TRT Afrika English
11 saat əvvəl

Qorxu, narahatedici bir təhlükə hissi. Həqiqi və ya xəyali olmasından asılı olmayaraq, bir təhdid düşüncəsi insanı izahı çətin olan bir hisslə iflic edə bilər.

Anonim qalmaq istədiyi üçün onu Ceyms adlandıracağımız bir insanın, çoxumuzun heç diqqət yetirmədiyi bir şeyə qarşı qorxusu var: düymələrdən. Paltarlarımızın üzərində olan o balaca plastik və ya metal dairələrdən ibarət düymələrdən. Bəs bu qədər sadə, gündəlik bir əşya necə olur ki, başqa bir insanda bu dərəcədə güclü qorxu və narahatlıq yarada bilir?

Bu yazıda “TRT Afrika” ingilis bölməsində yayımlanan Paula Odekin “Fobiyalar: Niyə bizi qorxudan şeylərin səbəbini izah etmək bəzən mümkünsüz görünür?” başlıqlı məqaləsini sizin üçün təqdim edirik.

Xatırlıyırsızsa, Corc Orvellin “1984” adlı romanında baş qəhrəman Uinston Smitin gəmiricilərə qarşı patoloji bir qorxusu var idi. Bu romanda onu nə fiziki işgəncə, nə də ölümlə üz-üzə qalmaq sındıra bilir.

Romanda məhbusların ən dərin qorxuları ilə üzləşdirildiyi bir otaq təsvir olunur. Bu, Orvellin fobiyaların şəxsi və çox vaxt izahı mümkün olmayan mahiyyətinə dair dərin baxışının ifadəsidir. Məlum bir məsələ var ki, o da bir insanı iflic edən qorxunun başqası üçün tamamilə mənasız görünə bilməsi halıdır.

Ceyms deyir ki, bu hadisə ilk dəfə baş verəndə onun hələ üç yaşı belə tamam olmamışdı. Balaca barmaqları köynəyindəki plastik bir düyməyə toxundu və içində qəribə bir narahatlıq hissi baş verdi.

O, bunun səbəbini anlaya bilməmişdi. Bildiyi yeganə şey isə bu idi: bir daha heç vaxt düyməyə toxunmaq istəmirdi, hətta onu görmək belə istəmirdi. O, sadəcə “Düyməyə toxunanda ürəyim sıxılırdı”, – deyə xatırlayır.

Böyüdükdə isə insanlar onu anlamadı və bu halı qəribə hesab etdilər. Qardaşları ona lağ edir, qonşuları gülür, hətta valideynləri belə bunun sadəcə kiçik bir kapriz olduğunu düşünürdülər.

Atasının ona bir gün köynək aldığını xatırlayır – sevdiyi bir köynək idi. Təbii ki, düymələri istisna olmaqla. Anası onu geyinməyə razı salmağa çalışmışdı. Amma bacarmamışdı. Düymələrə baxmaq belə onun ürəyini sıxırdı.

Ceyms artıq yaşı artdıqca, insanlar tərəfindən ciddiyə alınmayacağını düşündüyü üçün qorxusunu sanki bir “cinayət törətmiş” kimi gizlətməyə başladı. Məktəbdə geyinilən formalar isə onun həyatını daha da çətinləşdirirdi.

Digər şagirdlər paltarlarını səliqəli şəkildə düymələdikləri halda, Ceyms düyməsiz sviterlər, köynəklər geyinərək yaradıcı yollar tapırdı.

Ümumdünya Səhiyyə Təşkilatına görə, fobiyalar müəyyən bir obyekt, vəziyyət və ya fəaliyyətin səbəb olduğu məntiqsiz və nəzarətsiz qorxulardır. Bu qorxular bəzən elə güclü olur ki, dərin narahatlıq və panikaya səbəb olur.

Qeyd edək ki, sözükeçən fobiyalar dünya üzrə geniş yayılıb. Bu problem uşaqlarda erkən yaşlarda formalaşa bilər, lakin əksəriyyətində 15–20 yaş aralığında başlayır.

Afrikanın kiçik bir qəsəbəsində böyüyən Ceyms uzun müddət bu qədər qəribə problemi olan dünyadakı yeganə insanın təkcə özü olduğuna inanırdı. Sonra orta məktəbdə bir sinif yoldaşı təsadüfən dedi ki, o da düymələrə dözə bilmir.

Ceyms heyrətə gəlmişdi. Çünki illərdir bu qorxunun yalnız ona aid olduğunu düşünmüşdü. Bu hadisə artıq onun həyatında hər şeyi dəyişdi.

Daha sonra o, bununla bağlı internetdə araşdırma apardı və nəhayət, bütün ömrü boyu onu təqib edən bu qorxunun bir adı olduğunu öyrəndi: Koumpounofobiya (tələffüzü: kum-puno-fobiya).

Deyilənə görə, bu nadir görülən fobiya təxminən hər 75 min nəfərdən birində görülür. Ceyms isə bu qorxu ilə artıq 40 ildən çoxdur birlikdə yaşayır.

Ceyms deyir ki, belə bir şeyin varlığının təkcə xəyali olmadığını anlamaq və bilmək inanılmaz dərəcədə rahatladıcı idi. Buna baxmayaraq, o, bu barədə insanlara nadir hallarda danışır. Çünki “düymə” sözünü eşitmək belə onun tüklərini biz-biz edir. O, bununla mübarizə etmək üçün bacardığı qədər düyməli paltrlardan uzaq qaçır. Yalnız köynək və cins şalvar geyinir.

Belə fobiyası olan şəxs kimi qeyri-adi həll yolları tapan təkcə o deyil. Məlumata görə, “Apple” şirkətinin həmtəsisçisi Stiv Cobsun da düymələrə qarşı bir xoşnutsuzluğu olub. Bu, həm onun geyim tərzinə, həm də “Apple”ın minimalist texnoloji dizaynına təsir göstərmişdi.

Ümumdünya Səhiyyə Təşkilatı fobiyaları üç əsas kateqoriyaya ayırır:

Birincisi – sosial fobiyalar: izlənilmə, mühakimə olunma və ya utandırılma qorxusu. Söhbət etməkdən tutmuş, ictimai yerlərdə yemək yeməyə və ya səhnədə çıxış etməyə qədər olan fobiyalar.

İkincisi – aqorafobiya: qaçmağın çətin ola biləcəyi məkanlara qarşı qorxu – izdihamlar, ictimai nəqliyyat, növbələr və hətta evdən çıxmaq qorxusu.

Üçüncüsü isə – spesifik fobiyalardı: müəyyən bir obyekt və ya vəziyyətin səbəb olduğu qorxular – uçuş, hündürlük, heyvanlar, iynələr və ya qan kimi.

Elə Koumpounofobiya da məhz bu üçüncü kateqoriyaya aiddir.

Bəs fobiyalar nədən yaranır?

Ümumdünya Səhiyyə Təşkilatına görə, səbəblər tam olaraq aydın deyil. Lakin genetik faktorlar, uşaqlıq dövründə yaşanan travmatik təcrübələr və ya müəyyən bir obyektlə qorxuducu qarşılaşmalar mühüm rol oynaya bilər.

Məsələn, it tərəfindən dişlənmək ömürlük it qorxusuna çevrilə bilər. Bəzən isə səbəb heç vaxt müəyyən edilmir.

Bildirilir ki, insanlarda əmələ gələn bu fobiyalar nadir hallarda öz-özünə keçib gedir. Ancaq effektiv müalicə üsulları mövcuddur.

Ümumdünya Səhiyyə Təşkilatına görə əsas yanaşmalar bunlardır:

– Məruz qoyma terapiyası, yəni qorxunun mənbəyi ilə tədricən üzləşməyolu.

– Koqnitiv davranış terapiyası – yanlış düşüncə modellərini tanımaq və onları daha sağlamları ilə əvəzləmək;

– Bəzi hallarda isə emosional və fiziki reaksiyaları sakitləşdirmək üçün dərman müalicəsi tətbiq oluna bilər.

Hətta deyilənə görə, fobiyanı mütəmadi olaraq bir mütəxəssislə paylaşmaq belə kömək edə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi digər üsullar isə meditasiya, yoqa, nəfəs məşqləri, vizuallaşdırma, fərqindəlik və mərhələli əzələ boşaltma texnikalarıdır. Bütün bunlar narahatlığı azaltmağa və bədənin panika reaksiyasına nəzarəti bərpa etməyə kömək edir.

Bu məsələdə Ceyms üçün əsas mübarizə müalicə ilə bağlı deyil — anlaşılmaqla bağlıdır. Çünki fobiyalar kənardan baxıldıqda çox vaxt məntiqsiz görünə bilər. Amma fobiyası olan biri üçün daxildən baxanda bu, keçirilən hisslər, xatirələr və izahı çətin qorxularla inşa olunmuş bir həbsxana kimi hiss edilir.

Ceymsin bu hekayəsi əslində bizə bir şeyi xatırladır: bir insanın qorxusu başqası üçün nə qədər mənasız görünsə də, bu qorxu hissi onu yaşayan üçün tərif edilməz bir hadisədir. Unutmayaq ki, anlaşılmaq və birisinin səninlə həmhal olduğunu görmək sağalmanın ilkin addımıdır.

MƏNBƏ:TRT