Qızıl ilk dəfə rekord həddə yüksələrək 4.500 dolları keçdi
Geosiyasi və iqtisadi qeyri-müəyyənliklərin səbəbilə qızıl və gümüş tarixi maksimum səviyyələrə yüksəlib
Dekabrın 24-də (bu gün) qızıl ABŞ ilə Venesuela arasında artan gərginlik və əlavə faiz endirimləri ehtimalına dair narahatlıqların təsiri ilə təxminən 1 faiz bahalaşaraq unsiya başına 4 525,96 dollara çatıb və beləliklə də yeni rekord müəyyənləşdirib.
Qızılın qiyməti tarixi zirvəyə çıxdıqdan sonra Türkiyə vaxtı ilə saat 08:50-yə (GMT 05:50) olan məlumata əsasən unsiya başına təxminən 4 495,9 dollar səviyyəsində qərarlaşıb. Beləliklə, qızılın qiyməti illik müqayisədə təxminən 72 faiz artım göstərib.
Gümüşün qiyməti də 1 faizdən çox yüksələrək tarixi rekord səviyyə olan 72,7 dollara çatıb. Son 12 ay ərzində gümüşün dəyəri təxminən 144 faiz artıb.
Xüsusilə bu ilin üçüncü rübündə ABŞ iqtisadiyyatının gözləniləndən daha güçlü böyüməsindən sonra qlobal iqtisadi artım tempinin zəifləyəcəyinə dair narahatlıqlar, eləcə də 2026-cı ildə əlavə faiz endirimlərinin mümkünlüyü ilə bağlı proqnozlar investorların təhlükəsiz limanlara marağını artırıb.
ABŞ-ın ümumi daxili məhsulu (ÜDM) üçüncü rübdə illik hesabla 4,3 faiz artaraq bazar gözləntilərini üstələyib və son iki ilin ən yüksək böyümə göstəricisini qeydə alıb.
ABŞ-ın Venesuela ilə əlaqəli neft daşımalarına nəzarət və sanksiya tədbirlərini gücləndirməsi rəsmi Vaşinqtonla Karakas rəhbərliyi arasında gərginliyi daha da artırır. Bu vəziyyət qlobal xam neft axınında mümkün fasilələrlə bağlı yeni narahatlıqlar doğurmaqla yanaşı, dünyada geosiyasi qeyri-müəyyənliyi də dərinləşdirir.
ABŞ prezidenti Donald Tramp Venesuelanın neft gəlirlərindən ABŞ-a yönələn “qanunsuz” miqrasiyanı və “narkotik daşımalarını” maliyyələşdirmək üçün istifadə etdiyini iddia edir.
Qeyd edək ki, qızıl qiymətlərindəki bu yüksəlişin digər mühüm səbəblərindən biri də mərkəzi bankların ehtiyatlarını gücləndirmək məqsədilə qızıl alışlarını artırmasıdır