İsrail Livanın cənubunda atəşkəs rejimini yenidən pozub
İsrail ordusu 2024-cü ilin noyabr ayından qüvvədə olan atəşkəs rejimini pozaraq Livanın cənubuna aviazərbələr endirib
İsrail ordusu 2024-cü ilin noyabr ayından qüvvədə olan atəşkəs rejimini pozaraq Livanın cənubuna aviazərbələr endirib. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, yanvarın 26-da Tir şəhərinə edilən hücum nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb.
Livanın rəsmi NNA agentliyi xəbər verir ki, İsrailə məxsus pilotsuz uçuş aparatları (PUA) Tir şəhərində bir nəqliyyat vasitəsini hədəf alıb. Eyni zamanda, İsrail PUA-larının ölkənin cənubundakı Zəhrani və Bisariye əraziləri üzərində uçuşlar həyata keçirdiyi, digər bir PUA-nın isə Adissa-Markaba yolunda yerləşən mərmər fabrikinə səs bombası atdığı bildirilir.
"Hizbullah" hərəkatı Tir şəhərindəki hücum zamanı "Əl-Manar" televiziyasının müxbiri Əli Nur əl-Dinin öldürüldüyünü təsdiqləyib. "Hizbullah" yaydığı bəyanatda bu ifadәlәrә yer verib:
“Bu cinayət düşmənin media sektorunu hədəf alan hücumlarının nə qədər təhlükəli olduğunu göstərir. Jurnalist Nur əl-Dinə qarşı törədilmiş bu xain sui-qəsdi qətiyyətlə pisləyirik”.
NNA-nın digər hesabatında İsrail tanklarının Bint Cbeil bölgəsindəki Aytarun qəsəbəsində bir evi atəşə tutduğu, Hreyka ərazisinin isə İsrailin yeni hərbi mövqelərindən atılan minaatan mərmiləri ilə vurulduğu qeyd olunur.
Məlumatda həmçinin bildirilir ki, İsrail son müharibədə ələ keçirdiyi strateji yüksəkliklərdə və onilliklərdir nəzarətində saxladığı digər ərazilərdə mövcudluğunu davam etdirir. Livan rəsmilərinin statistikasına əsasən, 2023-cü ilin oktyabrından başlayan və 2024-cü ilin sentyabrında tammiqyaslı müharibəyə çevrilən münaqişələr nəticəsində indiyədək 4000-dən çox insan həlak olub, təxminən 17 000 nəfər isə yaralanıb.