R.T.Ərdoğan:“Müsəlmanların Şərqi Qüdslə bağlı hüquqlarından heç vaxt vaz keçməyəcəyik”

R.T.Ərdoğan Xarici İşlər Nazirliyinin yeni binasının təməlqoyma mərasimində iştirak edib

/ AA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin hücumları ilə üzləşən fələstinlilərə davamlı dəstək verəcəyini və müsəlmanların Şərqi Qüdslə bağlı hüquqlarından heç vaxt vaz keçməyəcəyini vurğulayıb.

R.T.Ərdoğan Xarici İşlər Nazirliyinin yeni binasının təməlqoyma mərasimində iştirak edib. Qüdsü müsəlmanlar üçün müqəddəs məkan adlandıran dövlət başçısı bildirib ki, Türkiyə 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti üçün var gücü ilə çalışmağa davam edəcək.

“İsrailin amansız hücumlarına baxmayaraq, sağ qalmaq üçün mübarizə aparan məzlum Qəzza xalqının yanında olmağa davam edəcəyik’’,- deyə R.T.Ərdoğan qeyd edib.

O, şəhərin müsəlmanların hakimiyyəti altında olan tarixinə toxunaraq, xristianların və yəhudilərin hüquqlarına hörmət edilən bir sülh və rifah məkanı olduğunu bildirib. Türkiyə prezidenti bildirib ki, ölkəsi Qüdsü “sülh, əmin-amanlıq və təhlükəsizlik şəhəri” etmək üçün mübarizəsini tərəddüd etmədən davam etdirəcək.

Prezident Rəcəb Tayyib Ərdoğan Binyamin Netanyahunu sərt tənqid edərək İsraili regionda qeyri-sabitliyi alovlandırmaqda ittiham edib.
“Zülm, soyqırım, vəhşilik və günahsız uşaqların həyatı bahasına özlərinə etibarlı gələcək qurmağa çalışanlar tökdükləri qanda boğulacaqlar’’,-deyə dövlət başçısı vurğulayıb.

R.T.Ərdoğan Suriyadan Yəmənə, Livandan Qətərə qədər İsrailin hədəfinə çevrilən xalqlarla həmrəylik nümayiş etdirəcəyinə söz verib.
“Gərginliklə qidalananlara, bölgəmizi qan dənizinə çevirməyə çalışanlara və qeyri-sabitliyi alovlandıranlara qarşı tarix boyu olduğu kimi, bu gün də, sabah da dik duracağıq’’,-deyə dövlət başçısı qeyd edib.

Türkiyə prezidenti həmçinin ölkəsinin milli maraqlarını qoruyaraq çoxsaylı böhranları uğurla idarə etdiyini qeyd edib. Ərdoğan Balkanlardan Mərkəzi Asiyaya, Afrikadan Latın Amerikasına, Avropadan Asiya-Sakit Okean regionuna qədər sabitliyi təşviq etmək səylərini vurğulayıb.
R.T.Ərdoğan deyib:“Türkiyə gücün doğru olduğu deyil, haqqın güclü olduğu dünyaya inanır və bunun üçün çalışır’’.

Sabitliyin qorunması, sülhün təşviqi, rifahın yüksəldilməsi və qardaşlığın gücləndirilməsi Türkiyənin xarici siyasət prioritetləri sırasındadır. Ərdoğan ölkəsinin müdafiə, iqtisadi inkişaf və beynəlxalq platformalarda hüquqların müdafiəsində müttəfiqlərinə verdiyi dəstəyi xatırladıb.

O, Xarici İşlər Nazirliyinin tarixini yüksək qiymətləndirərək nazirliyi “Türk bürokratiyasının göz bəbəyi” adlandırıb. Ərdoğan həmçinin bildirib ki, həm ekoloji, həm də estetik baxımdan mükəmməl dizayn edilmiş yeni nazirlik binası Türkiyənin qlobal mövqeyini əks etdirəcək və paytaxt Ankaranın siluetinə öz damğasını vuracaq.