Tailandda kranın qatarın üzərinə düşməsi nəticəsində 22 nəfər ölüb
Tailandda tikinti kranının sərnişin qatarının üzərinə düşməsi nəticəsində həlak olanların sayı 22 nəfərə, xəsarət alanların sayı isə 70 nəfərə çatıb
Sənaye və tikinti sahəsi qəzalarının uzun müddətdir geniş yayılmış olduğu Tailandda təhlükəsizlik qaydalarının zəif tətbiq edilməsi səbəbindən tez-tez ölümcül hadisələr baş verir.
Tailandın Nakhon Ratçasima əyalətində qaldırıcı kran qatarın üzərinə aşıb.
Hadisə səhər saatlarında Sixio rayonunda yüksəksürətli dəmir yolu xəttinin inşaat aparılan hissəsində baş verib. Qaldırıcı kranın hərəkətdə olan qatarın üzərinə aşması nəticəsində nəqliyyat vasitəsi relsdən çıxıb. Qəza nəticəsində 22 nəfər ölüb.
Nakhon Ratchasima vilayətinin ictimaiyyətlə əlaqələr idarəsi yaydığı açıqlamada, “Bir kran qatarın üzərinə aşdı; qatar relsdən çıxdı və yanğın baş verdi,” ifadələrinə yer verib.
Yerli mediada yayımlanan canlı görüntülərdə xilasedicilərin hadisə yerinə tələsdiyi, parlaq rəngli bir qatarın devrilmiş vəziyyətdə yan üstə qaldığı və dağıntılar arasından tüstünün qalxdığı görünür.
Nakhon Ratchasima vilayət idarəsi qatarın Banqkokdan Ubon Ratchathani vilayətinə doğru hərəkətdə olduğunu bildirib.
Nəqliyyat naziri Phiphat Ratchakitprakarn qatarda 195 nəfərin olduğunu və səlahiyyətli qurumların həlak olanların şəxsiyyətlərini müəyyənləşdirmək üçün intensiv şəkildə çalışdıqlarını deyib.
Qeyd edək ki, qəzaya səbəb olan kran Pekin tərəfindən dəstəklənən və Taylandda yüksək sürətli dəmir yolu şəbəkəsinin inşasını hədəfləyən 5,4 milyard dollarlıq layihənin tikintisində istifadə olunurdu.
Layihə Çinin geniş “Kəmər və Yol” infrastruktur təşəbbüsü çərçivəsində 2028-ci ilədək Laos üzərindən Banqkoku Çinin Kunminq şəhəri ilə birləşdirməyi məqsəd qoyur.