MRT müşayiəti altında xərçəng şişini donduraraq məhv etmək
PUBLİSİSTİK YAZILAR
3 dəqiqə oxuma
MRT müşayiəti altında xərçəng şişini donduraraq məhv etməkArtıq xərçəng xəstəliyini şişi kəsmədən, yandırmadan, sadəcə MRT müşayiəti ilə donduraraq məhv etmək mümkündür
MRT müşayiəti altında xərçəng şişini donduraraq məhv etmək / TRT Azerbaycan

Hər gün yeni bir texnoloji irəliləyiş ilə oyandığımız müasir dünyadan təbabət sahəsində ümidverici bir xəbərlə qarşınızdayıq.

Bu gün üzümüzü cənub yarımkürəsinə, Avstraliyaya tərəf tuturuq. Çünki bu ölkə dünyada ilk dəfə olaraq MRT müşayiəti ilə şişi donduraraq məhvetmə sistemini istifadəyə verib. Cəmiyyət arasında "Şişlərin dondurulması", tibbi ədəbiyyatda isə Krioablyasiya adı ilə tanınan bu üsul bu dəfə MRT dəstəyi ilə tətbiq olunur.

İnvaziv radiologiya mütəxəssislərinin son illərdə uğurla tətbiq etdiyi bu üsul xərçəng hüceyrələrini yandıraraq və ya kəsib götürərək deyil, tam mənası ilə "donduraraq" məhv etməyi hədəfləyir.

Bəs şiş necə dondurulur? Gəlin əvvəlcə bu texnologiyanı bir qədər təhlil edək və bu yeniliyin pərdəarxasına birlikdə nəzər salaq.

İnvaziv Radiologiya Cəmiyyətinin və beynəlxalq səhiyyə mənbələrinin məlumatına görə, bu proses dəqiq mühəndislik və təbabətin əməkdaşlığına əsaslanır. Artıq bu bu üsul sayəsində əməliyyatxanada böyük kəsiklər edilmir. Həkimlər rahat şəkildə ultrasəs və ya kompüter tomoqrafiyası vasitəsilə şişin yerini müəyyənləşdirirlər.

Dərhal sonra isə dəridə iynə ucu boyda kiçik bir dəşik açırlar. Bundan sonra "Kriozond" adlanan xüsusi iynələrlə birbaşa xərçəngli toxumanın mərkəzinə daxil olurlar.

Məhz möcüzə də bu məqamda başlayır. İynələrin içindən arqon qazı və ya maye azot ötürülür. Qazın təzyiqi anidən düşdükdə, iynənin ucunda mənfi 40 ilə mənfi 140 dərəcə arasında dəyişən, həddindən artıq soyuq bir "buz kürəciyi" yaranır.

Xərçəng hüceyrələri bu dondurucu soyuğa məruz qaldıqda, onların tərkibindəki su molekulları kristallaşır və hüceyrə qişaları parçalanır. Ardınca xüsusi incəliklə tətbiq olunan əritmə mərhələləri şişin damar quruluşunu pozur və qidalanmasını dayandırırır. Tapşırığı tamamlayan immunitet sistemimiz isə zamanla bu məhv olmuş toxumanı öz-özünə təmizləyir.

İndi isə keçək Avstraliyanın əsl əks-səda doğuran yeniliyinə. Bu əməliyyat artıq MRT müşayiəti ilə həyata keçirilə bilir.

MRT skaneri əməliyyatın gedişatını anbaan ekrandan izləməyə imkan verir. Bu da dondurma sərhədlərinin qüsursuz olmasını və sağlam toxumanın qorunmasını təmin edir. Həkimlər artıq buz kürəciyinin sərhədlərini çox daha aydın şəkildə görə bilirlər. Onurğa sütunu, sinirlər, böyrək və ya qaraciyər kimi həssas nahiyələrdə daha təhlükəsiz şəkildə işləyə bilirlər.

Sidneydəki “Liverpul” Xəstəxanası ölkə miqyasında ilk təkmilləşdirilmiş MRT müşahidəsi ilə şişi donduraraq məhvetmə sistemini quraraq bu barədə ictimaiyyətə məlumat verib. Avstraliya son dövrdə bu mövzuda adından tez-tez söz etdirir.

Səhiyyə qurumları bildirir ki, bu üsul xüsusilə erkən mərhələdə olan böyrək və süd vəzi xərçəngində, eləcə də sümük və qaraciyər şişlərində möhtəşəm nəticələr verir.

Bəs bu texnologiyanı ənənəvi cərrahiyyədən fərqləndirən ən böyük üstünlüyü nədir?

Əlbəttə ki, onun "az invaziv" olmasıdır. Yəni orqanizmə minimum zərər vurmasıdır. Bu sayədə artıq nə böyük bir kəsik izi, nə də günlərlə davam edən ağrılar var.

Müalicə prosesi adətən lokal keyitmə və ya yüngül keyidici dərman ilə təxminən 1-2 saat ərzində başa çatır. Xəstələr elə həmin gün evə buraxılır və cəmi bir neçə gün ərzində normal həyatlarına qayıda bilirlər.

Xüsusilə yaşlı, ağır əməliyyatları götürə bilməyən pasiyentlər üçün bu texnologiya adətən həyati bir önəmə sahibdir. Bu əməliyyat üsulu sağlam orqan toxumasını qoruyaraq, ancaq hədəfdəki düşməni məhv edir.

Üstəlik, bu texnologiya təkcə Avstraliya ilə məhdudlaşmır. ABŞ Qida və Dərman Administrasiyası (FDA) başda olmaqla bir çox qlobal qurumdan təsdiq alan bu üsul Avropa ölkələrində, İsveçrədə və Türkiyədəki xəstəxanalarda da uğurla tətbiq olunur.

Səhiyyə sahəsindəki bu dondurucu, lakin bir o qədər də ürəkaçan yenilik gələcəkdə xərçəng müalicəsinin çox daha ağrısız və əlçatan olacağının ən böyük sübutudur.

MƏNBƏ:TRT