ABŞ və Cənubi Koreya sualtı qayıqlar üzərində əməkdaşlığa doğru addım atıblar
Rəsmi Seul 2038-ci ilə qədər təmiz enerji tələbatını ödəmək üçün iki yeni nüvə reaktoru tikmək planlarını açıqlayıb
Xarici işlər naziri Ço Hyun sualtı qayıq əməkdaşlığının çəkindirməni və ABŞ ilə müttəfiqliyi gücləndirəcəyini söyləyib.
Xarici işlər naziri Ço Hyun bildirib ki, Cənubi Koreyanın nüvə enerjisi ilə işləyən sualtı qayıqlar əldə etmək təşəbbüsü Seulun çəkindirmə qabiliyyətlərini gücləndirəcək və ABŞ ilə müttəfiqliyə töhfə verəcək.
"Yonhap" xəbər agentliyinin məlumatına görə, Ço bu açıqlamanı ABŞ-nin Hərb Siyasəti üzrə müavini Elbrik Kolbi ilə səhər yeməyi görüşündə verib.
Kolbi bu həftə Pentaqonun Koreya yarımadası və digər müttəfiqlik məsələləri ilə bağlı siyasət istiqamətlərini müəyyən edən yeni Milli Müdafiə Strategiyasını dərc etməsindən sonra Seula səfər edib.
Nazirlik açıqlamasında bildirib ki, nazir Ço xüsusilə nüvə enerjisi ilə işləyən sualtı qayıqlar üzrə əməkdaşlığın Cənubi Koreyanın çəkindirmə qabiliyyətlərini gücləndirməklə (ABŞ ilə) ittifaqa töhfə verəcəyini xatırladıb və iş səviyyəsindəki müzakirələr vasitəsilə konkret icra addımlarına ehtiyac olduğunu deyib.
ABŞ-nin Hərb Siyasəti üzrə müavini Elbrik isə Cənubi Koreyanın "nümunəvi müttəfiq" kimi öz müdafiə qabiliyyətlərini gücləndirməklə Koreya yarımadasının müdafiəsində aparıcı rol oynamaq öhdəliyini yüksək qiymətləndirib.
O, əlavə edib ki, ABŞ Hərbi Nazirliyi sammit danışıqlarında əldə edilən əsas razılaşmaların sürətli şəkildə həyata keçirilməsini təmin etməkdə fəal rol oynayacaq.
Ötən ilin noyabr ayında Cənubi Koreya və ABŞ ölkənin gəmiqayırma sənayesinə 150 milyard dollarlıq Koreya investisiyasını əhatə edən ticarət müqaviləsi imzalayıblar və hər iki ölkə nüvə enerjisi ilə işləyən sualtı qayıqların inşasında "irəliləyiş əldə etmək" barədə razılığa gəliblər.
Razılaşmaya əsasən, Cənubi Koreya gəmiqayırma, süni intellekt və nüvə sənayesi sahəsində Vaşinqtonla yeni tərəfdaşlığın bir hissəsi olaraq nüvə enerjisi ilə işləyən sualtı qayıqlar inşa edəcək.
Bununla bağlı bir addım kimi, Cənubi Koreyanın müdafiə nazirliyi ABŞ-nin yeni müdafiə strategiyasının Seulun Koreya yarımadasının təhlükəsizliyində daha "aparıcı rol" oynamaq qabiliyyətini vurğuladığını bildirib.
Milli Müdafiə Strategiyasında qeyd edilib ki, ABŞ-nin "kritik, lakin daha məhdud" dəstəyi ilə Cənubi Koreya Şimali Koreyanın qarşısını almaqda "əsas" məsuliyyəti öz üzərinə götürə bilər.
Cənubi Koreya iki yeni nüvə reaktoru tikəcək
Digər tərəfdən, Cənubi Koreya bu gün (26 yanvar 2026) təmiz enerjiyə artan tələbat fonunda 2038-ci ilə qədər iki yeni nüvə reaktoru tikəcəyini açıqlayıb.
Seulda keçirilən mətbuat konfransında çıxış edən iqlim naziri Kim Sonq-van hökumətin əvvəlki administrasiya tərəfindən hazırlanmış 11-ci əsas plana uyğun olaraq 2037-2038-ci illər arasında iki böyükmiqyaslı nüvə reaktorunun tikintisini başa çatdırmaq üçün lazımi prosedurları həyata keçirəcəyini söyləyib.
O, enerji sektorunda karbon emissiyalarını azaltmaq üçün kömür və mayeləşdirilmiş təbii qaz vasitəsilə elektrik enerjisi istehsalının azaldılmasının vacibliyini bildirib:
"Buna görə də bərpa olunan enerji və nüvə enerjisinə əsaslanan enerji sisteminin fəaliyyət göstərməsinə ehtiyac var".
Ötən həftə hökumət tərəfindən sifariş edilən iki sorğu göstərdi ki, iştirakçıların orta hesabla 80%-i nüvə enerjisinin zəruri olduğunu, 60%-i isə əlavə tikinti planını dəstəklədiyini bildirib.
Dövlətə məxsus Koreya "Hydro & Nuclear Power Co." (KHNP) şirkəti tezliklə 2027-ci ilə qədər iki reaktor üçün ev sahibi şəhər və ya qəsəbələri seçmək üçün tender prosesinə başlayacaq.
Nazirliyin məlumatına görə, KHNP 2031-ci ilə qədər plan üçün nüvə təhlükəsizliyi tənzimləyicisinin təsdiqini almağı və tikinti işlərini 2037-2038-ci illər arasında başa çatdırmağı hədəfləyir.