R.T.Ərdoğan Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb

Prezidenti R.T.Ərdoğan Türkiyə-ABŞ münasibətlərinə, F-35 proqramına və CAATSA sanksiyalarının ləğvi kimi bir sıra mühim məsələlərə toxunub

R.T.Ərdoğan Azərbaycan səfərindən qayıdış zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb / Turkish Presidency

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 8-də Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə verdiyi müsahibədə bildirib ki, Türkiyə ilə Amerika Birləşmiş Ştatları müdafiə, ticarət və regional sabitliyə yönələn yüksək səviyyəli görüşlərdən sonra iki ölkə arasındaki münasibətlərdə “yeni və müsbət bir mərhələyə” qədəm qoyulub.

Prezident R.T.Ərdoğan qeyd edib ki, ABŞ-a son səfəri və daha sonra prezident Donald Tramp ilə apardığı telefon danışıqları, son illərdə ikitərəfli münasibətləri çətinləşdirən əsas məsələlərdə “təşviqedici siqnallar” verib.

Ölkə başçısı R.T. Ərdoğan həm F-35 proqramının, həm də CAATSA sanksiyalarının müzakirə olunduğunu və ABŞ prezidentindən konstruktiv mesajlar aldıqlarını diqqətə çatdıraraq deyib: “Türkiyə bu layihədə ortaqdır, ödənişini edib və öhdəliklərini yerinə yetirib. Bizi bu proqramdan çıxarmaq üçün göstərilən əsasların heç bir legitimliyi yoxdur.”

O əlavə edib ki, həm qırıcı təyyarə layihəsi, həm də sanksiyaların aradan qaldırılması ilə bağlı texniki müzakirələr davam edir: “Arzumuz budur ki, bu proseslər tezliklə müsbət nəticələrlə yekunlaşsın. Səfərimiz Türkiyə-ABŞ münasibətlərində yeni bir dövrün başlanğıcı oldu.”

 

“Halkbank” işi artıq problem deyil

Prezident R.T.Ərdoğan uzun müddət rəsmi Ankara ilə Vaşinqton rəhbərliyi arasındakı münasibətləri gərginləşdirən “Halkbank” işi barədə də danışıb. O bildirib ki, məsələ faktiki olaraq həllini tapıb: “Cənab Donald Tramp həm Amerikadakı təmaslarımızda, həm də son telefon danışığımızda “Halkbank” problemi bizim üçün bitib” dedi. Bu, mühüm bir siyasi iradə bəyanıdır.”

Ölkə rəhbəri R.T. Ərdoğan əlavə edib ki, müəyyən prosedurlar hələ davam etsə də, məsələnin yaxın vaxtlarda rəsmi olaraq yekunlaşacağını gözləyir: “Arzumuz budur ki, bu proseslər tezliklə müsbət nəticələrlə yekunlaşsın.”

Türkiyənin Qəzza atəşkəsində rolu

Prezident R.T.Ərdoğan həmçinin Qəzza və Suriya da daxil olmaqla regional böhranlara toxunaraq, Türkiyənin diplomatik və təhlükəsizlik koordinasiyasının ən yüksək səviyyədə davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, rəsmi Ankara ABŞ, Misir və “Həmas”la daimi təmasdadır, Türkiyənin kəşfiyyat rəhbəri isə hazırda “Şarm əl-Şeyx”də davam edən danışıqlarda iştirak edir.

“Türkiyə bütün səmimi sülh təşəbbüslərini dəstəkləyir”, – deyən R.T.Ərdoğan İsraili danışıqları pozmamağa çağırıb. O, bildirib: “Bizim prioritetimiz tam və daimi atəşkəs, fasiləsiz humanitar yardım və fələstinlilər üçün Qəzzanın yenidən qurulmasıdır.”

Suriya məsələsinə toxunan dövlət başçısı qeyd edib ki, Türkiyə PKK və YPG terror təşkilatlarının təsir dairəsində olan terrorçu SDQ-nin və ya digər xarici təxribatların qızışdırdığı yeni bir qeyri-sabitliyə imkan verməyəcək: “Bizim səbirli, təmkinli davranışımız acizlik deyil. Suriya ərazi bütövlüyünün təhdid olunmasına əsla imkan verməyəcəyik. Rəsmi Ankara və Dəməşq rəhbərliyi ilə razılığa gələrək hərəkət edənlər qazanacaq.”

 

Türkiyə regional güc kimi yüksəlir

Azərbaycan səfərinə toxunan R.T.Ərdoğan vurğulayıb ki, Türk Dövlətləri Təşkilatındakı (TDT) Türkiyənin liderliyi artıq mədəni əməkdaşlıq çərçivəsini keçib: “TDT artıq təkcə mədəni birlik deyil, strateji həmrəylik platformasıdır. Kəşfiyatdan sərhəd təhlükəsizliyinə və kibertəhlükəsizliyə qədər əməkdaşlığımız dərinləşir.”

O, həmçinin bildirib ki, Türkiyə dövlətinin qlobal təsiri, İsrail tərəfindən saxlanılan onlarla fəalın azad edilməsinə səbəb olan Qlobal Sumud Donanmasının əməliyyatı ilə bir daha özünü göstərdi: “Bu, Türkiyənin sürətli humanitar və diplomatik hərəkət qabiliyyətini nümayiş etdirdi. Biz hər pozuntunu sənədləşdirdik və həm diplomatiya, həm də hüquq yolu ilə ədalət tələb edəcəyik.”