Qaçış trenajoru aparatı xüsusilə idmancıların istifadə etdiyi əvəz olunmaz bir cihaz sayılır. Heç bilirdiniz ki, hazırda idman zallarının bəzəyi olan bu alətdən keçmişdə məhbusları cəzalandırmaq üçün istifadə olunurdu?
Bu gün Candan Bilgici və Naz İrem Üstündağın bu mövzuda “TRT Haber” telekanalı üçün qələmə aldıqları məqaləsini təqdim edirik.
Qaçış aparatları 1800-cü illərdə İngiltərədə məhbusları cəzalandırmaq məqsədilə istehsal edilib. Həmin dövrdə İngiltərə həbsxanalarındakı şərait olduqca ağır vəziyyətdə idi. O dövürdə edam və sürgün edilmək ən çox üstünlük verilən cəzalardan sayılırdı. Bu cəzalandırma növünün xaricində qalan məhbuslar isə qapalı şəraitdə, olduqca çirkli kameralarda saxlanılırdılar.
Bu vəziyyəti dəyişmək istəyən bir qrup könüllü şəxslər isə məhbuslara kömək etməyə çalışdılar. Bu səylərin nəticəsində qaçış aparatı kimi yeni islah edici bir tərbiyə üsulu ortaya çıxdı.
Beləliklə qaçış aparatı 1818-ci ildə ingiltərəli mühəndis Sör Vilyam Kubit tərəfindən ixtira edildi. Lakin bu qurğunun istehsal məqsədi sağlam həyatı təmin etmək və ya bədəndəki piyləri əritmək deyildi. Qaçış aparatı ilk dəfə istehsal ediləndə bir işgəncə cihazı kimi layihələndirilmişdi.
Vilyam Kubit “Müqəddəs Edmund” həbsxanasındakı məhbusların boş-bekar yatdığını gördükdə çox maraqlı bir fikr ağlına gəlir. O, bu məhbusların əzələ gücündən faydalanmağın və cəzalarını daha səmərəli çəkmələrinin mümkün olduğunu düşünür. Beləliklə də o, qaçış aparatı düzəltmək fikrinə düşür.
İlk qaçış aparatı, əslində, öz ətrafında fırlanan nəhəng bir vintə bənzəyirdi. Bir qrup məhbus qaçaraq bu vinti fırlatmalı olurdu. Bu hərəkət düz yerdə qaçmaqdan daha çox, davamlı olaraq pilləkənlərlə yuxarı dırmanmağa bənzəyirdi. Məhbuslar dayandıqları təqdirdə yıxılacaqlarını bildiklərindən fasiləsiz hərəkət etmək məcburiyyətində qalırdılar. Onların bu təchizat üzərində hərəkəti buğdanın üyüdülməsi, su dəyirmanının hərəkətə keçməsi və ya mədənlərin havalandırılması üçün lazım olan enerjini təmin edirdi. Bir sözlə, bu vəziyyət məhbuslardan başqa hamıya sərf edirdi.
Sözün əsl mənasında əzab-əziyyət
İxtiradan sonrakı on illik müddət ərzində 50 İngiltərə həbsxanasında və eyni sayda Amerika həbsxanalarında qaçış aparatından istifadə olunmağa başlandı. Bu dövrün bir çox insanı qaçış aparatını həbsxanalardakı intizamsızlığa qarşı müsbət bir həll yolu kimi qiymətləndirirdi. Hətta 1875-ci ildə yerli idarələrdən biri qaçış aparatlarını "həbsxana intizamında böyük bir irəliləyiş" olaraq adlandırmışdı. Həbsxana İntizamının Təkmilləşdirilməsi Cəmiyyəti isə bunu "profilaktik cəza" növü olaraq görürdü. Hesab olunurdu ki, qaçış aparatının çətinliyini yaşayan heç bir şəxs yenidən cinayət törətmək istəməyəcək.
Hər gün Everest dağının yarısına qədər dırmanmaq
Təxmini hesablamalara görə, məhbuslar gündə 6 saat bu qaçış aparatları üzərində hərəkət edirdilər. Bu isə orta hesabla 1.500 ilə 4.200 metr arasında bir hündürlüyə dırmanmağa bərabər idi. Qeyd edək ki, 4.267 metr hündürlük Everest dağının tən yarısı deməkdir.
Vilyam Kubitin bu dizaynı tezliklə Britaniya İmperiyasının sərhədlərini aşaraq Amerikada da sürətlə yayıldı. Lakin zamanla həftənin beş günü az miqdarda qida qəbul edən məhbuslar bu ağır fiziki gərginliyə dözməyərək xəsarət almağa başladılar.
Bununla da qaçış aparatı XIX əsr həbsxanalarındakı ağır şəraitin əsas rəmzinə çevrildi. Yaranan ciddi etirazlar nəticəsində 1898-ci ildə qaçış aparatının istifadəsi tamamilə qadağan edildi.
İşgəncə aparatı fərqli bir məqsədlə yenidən istifadə olunmağa başlandı
1911-ci ildə ABŞ-da patenti alınan qaçış aparatının tibbi məqsədlərlə istifadəsinə xeyli sonra, yəni 1952-ci ildə başlanıldı. Bu addım həkim Robert Bryus tərəfindən iş yoldaşı üzərində apardığı elmi təcrübələrdən sonra atıldı.
R.Bryusun əldə etdiyi elmi nəticələr bu gün "Bryus Protokolu" kimi tanınan və ürəyin düzgün işləyib-işləmədiyini yoxlayan testin əsasını qoydu.
Qaçış aparatları 1960 və 1970-ci illərdə kardio məşqlərin məşhurlaşması ilə əvvəlcə idman zallarına, daha sonra isə evlərimizə qədər gəlib çıxdı. Beləliklə, keçmişin amansız işgəncə aləti qəribə bir şəkildə müasir dövrün və sağlam həyatın əvəz olunmaz bir hissəsinə çevrildi.






















