Cənubi Koreyada "AH-1S Cobra" helikopteri qəzaya uğrayıb
Hərbi mənbələrin yaydığı məlumata görə, hadisə nəticəsində helikopterin göyərtəsindəki iki heyət üzvü həlak olub
Cənubi Koreya ordusuna məxsus "AH-1S Cobra" tipli hücum helikopteri Qapyonq qəsəbəsində təlim uçuşu zamanı qəzaya uğrayıb. Hərbi mənbələrin yaydığı məlumata görə, hadisə nəticəsində helikopterin göyərtəsindəki iki heyət üzvü həlak olub.
Qəza fevralın 9-da yerli vaxtla saat 11:00 radələrində baş verib. Hadisənin dəqiq səbəbi hələlik məlum deyil. Hərbi mənbələr bildirir ki, ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılan iki əsgərin həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra Cənubi Koreya ordusu bütün "AH-1S" tipli helikopterlərin uçuşunu dayandırıb və qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradıb.
Məlumata görə, təlim uçuşu zamanı helikopter mühərrik işlək halda məcburi eniş tapşırığını yerinə yetirirmiş. Bu manevrlər ekipajın döyüş şəraitində və ya mexaniki nasazlıqlar zamanı fövqəladə hallara hazırlığını təmin etmək məqsədi daşıyır.