YPG tərəfindən həbsxanada əsir saxlanan 126 uşaq xilas edildi

Rəsmilər uşaqların həbsdə saxlanılmasını əsas humanitar dəyərlərə zidd hal kimi qiymətləndiriblər

By
YPG tərəfindən həbsxanada əsir saxlanan 126 uşaq xilas edildi / Reuters

Suriyanın Rəqqa vilayətində təhlükəsizlik qüvvələri daha əvvəl YPG terror təşkilatının idarəsində olmuş cəzaçəkmə müəssisəsindən 18 yaşına çatmamış 126 uşaq məhbusu azad edib. Suriya dövlət televiziyası “əl-İxbariyə” azad edilənlərin hamısının uşaq olduğunu bildirib.

Telekanalın adını açıqlamadığı təhlükəsizlik mənbəsinə istinadən yaydığı məlumatda qeyd olunub ki, daxili təhlükəsizlik bölmələri Rəqqadakı “əl-Aqtan” həbsxanasından 18 yaşdan aşağı 126 məhbusu azad edib.

İnformasiya naziri Həmzə əl-Mustafa sosial media platforması “X” üzərindən paylaşımında Suriya Ərəb Xəbər Agentliyinin (SANA) yayımladığı görüntülərin məhbusların azadlığa buraxıldığını təsdiqlədiyini bildirib.

əl-Mustafa qeyd edib: “Bu uşaqlar təkcə məhbus deyil, uşaqlıqları oğurlanmış övladlardır. Məktəblərdə və oyun meydançalarında olmaları gərəkərkən, həbsxana divarları arxasında saxlanılıblar. Hər bir sima qorxu, ayrılıq və itirilmiş məsumluq hekayəsini daşıyır.”

Uşaqların həbsxanada saxlanılmasını insanlığın vicdanını yaralayan vəziyyət kimi qiymətləndirən əl-Mustafa vurğulayıb ki, bir uşağın həbsxana kamerasında olmasını əsaslandıra biləcək heç bir şüar, bəhanə və ya təhlükəsizlik səbəbi yoxdur.

Suriya Prezident Administrasiyasının sözçüsü Əhməd Muəffəq Zeydan da “X” platformasında yaydığı açıqlamada sözügedən hadisəni zaman və məkan sərhədlərini aşan dəstələr tərəfindən törədilmiş tammiqyaslı qalmaqal kimi xarakterizə edib.

Suriya Ədliyyə Nazirliyi yanvarın 23-də yaydığı açıqlamada dövlət hakimiyyətinin bərpa olunması və qurumların hüquq çərçivəsində yenidən fəaliyyətə başlaması prosesində YPG-nin bölgədən çıxmasından sonra “əl-Aqtan” həbsxanasının rəsmi şəkildə təhvil alındığını açıqlayıb. Daxili İşlər Nazirliyi isə məhbuslara aid iş materiallarının araşdırılmasına başlanıldığını bildirib.

Qeyd edək ki, Suriya ordusu yanvarın 18-də əldə olunan razılaşmanın icrasının birinci mərhələsi çərçivəsində Rəqqadakı “əl-Aqtan” həbsxanası və ətraf ərazilərdən çıxarılan YPG üzvlərinin Hələbin şərqində yerləşən Ayn əl-Ərəb şəhərinə köçürülməsinə başlanıldığını açıqlayıb.