ÜST: Qəzzada atəşkəsdən sonra yardım əməliyyatları artırılıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzada İsrail ilə fələstinli HƏMAS qruplaşması arasında atəşkəsin qüvvəyə minməsindən sonra bölgədəki yardım əməliyyatlarını artırdığını açıqlayıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzada İsrail ilə fələstinli HƏMAS qruplaşması arasında atəşkəsin qüvvəyə minməsindən sonra bölgədəki yardım əməliyyatlarını artırdığını bildirib.
ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus oktyabrın 13-də “X” sosial platformasında etdiyi paylaşımda bildirib ki, Al-Ahli xəstəxanasında cərrahi və təcili tibbi xidmətlərin gücləndirilməsi məqsədilə 24 saat ərzində təcili tibbi briqada yerləşdirilib və Qəzza şəhərində əlavə dəstək missiyaları planlaşdırılır.
Qebreyesus əlavə edib ki, insulin, laboratoriya ləvazimatları və əsas dərman preparatları da daxil olmaqla, 8 yük maşını dolu tibbi ləvazimat Qəzzaya çatdırılıb.
ÜST rəhbəri bildirib ki, xərçəng xəstələri üçün dərmanlar, eləcə də küvəzlər, mexaniki ventilyatorlar və xəstə monitorları kimi reanimasiya avadanlıqları Avropa Qəzza xəstəxanasına çatdırılıb və daha sonra bu avadanlıqlar bölgədəki digər xəstəxanalara paylanacaq.
“Səhiyyə ocaqlarına çıxış imkanlarının artırılması və əməliyyat missiyalarımızın genişləndirilməsi, Qəzzadakı fələstinlilərə təcili tibbi yardım göstərmək üçün həyati əhəmiyyət kəsb edir”, -deyə Qebreyesus qeyd edib.
O, bu həftə baş verən hadisələrin “doğru istiqamətdə atılmış mühüm addım” olduğunu deyərək, ÜST-ün insanların həyatını xilas etmək və əsas səhiyyə xidmətlərini bərpa etmək üçün səylərini ciddi şəkildə artırmağa hazır olduğunu bildirib.
Qebreyesus onu da deyib ki, “Qəzzanın səhiyyə sistemi yalnız əvvəlki vəziyyətinə qaytarılmamalı, eyni zamanda daha güclü, daha ədalətli və əhalinin ehtiyaclarına cavab verə biləcək şəkildə yenidən qurulmalıdır”.
Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi,ABŞ prezidenti Donald Trampın iki ildir davam edən İsrailin hərbi əməliyyatlarını dayandırmaq üçün hazırladığı plan çərçivəsində oktyabrın 10-da qüvvəyə minib.
Oktyabrın 13-ü səhər radələrində HƏMAS-ın Qəzzada saxladığı 20 israilli girovu azad etməsindən sonra, İsrail həbsxanalarında saxlanılan fələstinlilərin azadlığı prosesinə də başlanılıb.
Qeyd edək ki, İsrail 2023-cü ilin oktyabrından etibarən Qəzzada həyata keçirdiyi hücumlar nəticəsində, əksəriyyəti qadın və uşaqlar olmaqla, təxminən 68 min fələstinlini qətlə yetirib. Beynəlxalq müşahidəçilər və ekspertlər bu rəqəmin əslində daha yüksək ola biləcəyini qeyd edirlər.
Soyqırım xarakterli hücumlar zamanı bölgənin böyük hissəsi dağıdılıb, Qəzza əhalisinin demək olar ki, tamamı öz yurd-yuvasından didərgin salınıb.