Mərakeşdə daşqınlar nəticəsində 21 nəfər həyatını itirib
Mərakeş hakimiyyətinin məlumatına görə, Atlantik okeanı sahilində, paytaxt Rabatdan təxminən 330 kilometr cənubda yerləşən Safi əyalətində yağan aramsız yağışlar daşqınlara səbəb olub
Mərakeşin Safi əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ən azı 21 nəfər həyatını itirib.
Mərakeş hakimiyyətinin məlumatına görə, Atlantik okeanı sahilində, paytaxt Rabatdan təxminən 330 kilometr cənubda yerləşən Safi əyalətində yağan aramsız yağışlar daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində 32 nəfər xəsarət alıb.
Rəsmi məlumatlara əsasən, leysan yağışları Safinin köhnə şəhər bölgəsindəki ev və mağazaların su altında qalmasına, avtomobillərin sürüklənməsinə, eləcə də Safi və ətraf ərazilərdə bir çox yolların bağlanmasına səbəb olub. Xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, Mərakeş son yeddi il ərzində əsas su anbarlarının səviyyəsinin azalmasına səbəb olan quraqlıq dövrü yaşayıb.