"Azərbaycan bundan sonra da sülh gündəliyinin inkişafı üçün səylərini davam etdirəcək", İ.Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
İraq Prezidenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin irəli aparılması, xüsusilə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sazişin paraflanması münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib və Azərbaycanın bundan sonra da sülh gündəliyinin irəli aparılması üçün səylərini davam etdirəcəyini deyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb.
Görüşdə İraq Prezidentinin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər məmnunluqla ifadə olunub.
Görüşdə Azərbaycanla İraq arasında münasibətlərin inkişaf etdirilməsində Hökumətlərarası Komissiyanın rolu vurğulanıb, enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.