ABŞ və Ukrayna nümayəndələri iqtisadi məsələləri müzakirə etdi

ABŞ və Ukrayna nümayəndə heyətləri dekabrın 14-də Berlində danışıqlar aparıblar

By
ABŞ və Ukrayna nümayəndələri iqtisadi məsələləri müzakirə etdi / Reuters

ABŞ və Ukrayna nümayəndə heyətləri dekabrın 14-də Berlində danışıqlar aparıblar. Görüş zamanı 20 bənddən ibarət sülh planı və iqtisadi məsələlər müzakirə olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və hər iki ölkənin nümayəndə heyətləri görüşdə iştirak edib. Danışıqlar beş saatdan çox davam edib. Bu barədə Stiv Vitkoff rəsmi “X” səhifəsində məlumat verib. Onun sözlərinə görə, görüşdə sülh planı, iqtisadi məsələlər və digər mövzular ətrafında müzakirələr aparılıb.

Almaniya dekabrın 15-də Avropa liderləri ilə Aİ və NATO nümayəndələrinin sammitindən əvvəl keçirilən danışıqlara ev sahibliyi edib. ABŞ rəsmilərinin bazar ertəsi keçiriləcək sammitdə iştirak edib-etməyəcəyi isə hələ məlum deyil.

Volodimir Zelenski dekabrın 14-də mümkün atəşkəs və Rusiya ilə sülh çərçivəsi üzrə intensiv danışıqlar aparmaq üçün Berlinə səfər edib. Görüşdən əvvəl Ukrayna prezidenti bildirib ki, Kiyev hazırda Vaşinqtonla ikitərəfli təhlükəsizlik təminatları üzrə danışıqlar aparır və Avropa, Kanada və Yaponiya da daxil olmaqla digər ölkələrdən də zəmanət tələb edir.

Noyabrda Cenevrədə bir araya gələn rəsmilər təkmilləşdirilmiş sülh çərçivəsini müzakirə ediblər. Daha sonra Vitkoff və Kuşner layihə çərçivəsini müzakirə etmək üçün dekabrın 2-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər.