ABŞ-nin blokada qərarı neft qiymətlərinin kəskin bahalaşmasına səbəb oldu

ABŞ-ın gələn həftədən etibarən İran limanlarına qarşı blokada tətbiq edəcəyini elan etməsi qlobal enerji bazarlarında kəskin dalğalanmaya səbəb olub

By
ABŞ-nin blokada qərarı neft qiymətlərinin kəskin bahalaşmasına səbəb oldu / Reuters

ABŞ-ın gələn həftədən etibarən İran limanlarına qarşı blokada tətbiq edəcəyini elan etməsi qlobal enerji bazarlarında kəskin dalğalanmaya səbəb olub. Bu qərardan sonra neft qiymətləri sürətlə artdı və bu da beynəlxalq enerji təhlükəsizliyi ilə bağlı ümidlərə ciddi zərbə vurdu.

Bu addım cari ilin 28 fevral tarixində ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması ilə alovlanan münaqişənin ən gərgin səviyyəyə çatdığını göstərir. Yeni qərardan sonra "Brent" markalı xam neftin qiyməti təxminən 7 faiz, ABŞ-ın "West Texas Intermediate" (WTI) markalı nefti isə 8 faiz bahalaşıb.

Qeyd edək ki, hərbi münaqişə başlayandan bəri neft bazarında qeyri-sabitlik davam edir. Müharibədən əvvəl bir bareli təxminən 70 dollar olan “Brent” markalı neftin qiyməti gərginlik səbəbindən 119 dolları keçib. Ötən həftənin cümə günü Pakistanın İslamabad şəhərində keçirilməsi planlaşdırılan sülh danışıqları səbəbindən qiymətlərdə təxminən 1 faiz azalma müşahidə olunsa da, son blokada qərarı bu qısa müddətli sabitliyi tamamilə aradan qaldırıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı rəsmi məlumata görə, Prezident Donald Trampın göstərişi ilə 13 aprel saat 10:00-dan (GMT 14:00) etibarən İranın bütün dəniz limanlarına giriş-çıxış tamamilə bağlanacaq. Məhdudiyyətlər Fars və Oman körfəzləri boyu yerləşən bütün limanları əhatə edəcək və bayrağından asılı olmayaraq bütün ölkələrin gəmilərinə şamil olunacaq. Bununla belə, CENTCOM Hörmüz boğazı vasitəsilə İrana aid olmayan digər limanlara gedən gəmilərin naviqasiya azadlığının qorunacağını vurğulayıb. Ticarət gəmilərinin məlumatlandırılması üçün blokada icrasına qədər rəsmi bildirişlərin göndəriləcəyi bildirilir.