Prezident R.T.Ərdoğan Qəzzaya dəstək mitinqi haqqında danışdı

Ölkə başçısı həmçinin yaxın zamanda D.Tramp ilə Qəzza və Rusiya–Ukrayna məsələlərini müzakirə edəcəyini bildirib

By
Prezident R.T.Ərdoğan Qəzzaya dəstək mitinqi haqqında danışdı / AA

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan yeni ilin ilk günündə İstanbulda keçirilən genişmiqyaslı Fələstinə dəstək mitinqini “tarixi bir an” kimi qiymətləndirib və bu aksiyanın “Fələstin tək deyil” mesajını açıq şəkildə verdiyini bildirib.

Ölkə rəhbəri R.T.Ərdoğan yanvarın 2-də verdiyi açıqlamada deyib:
“B.Netanyahu adlanan bu fironun etdikləri cəzasız qalmayacaq. Çünki 7-dən 70-ə qədər çoxlu məzlumun ahını alıb. Bu körpələrin ahı onun yanına qalmaz.”

İsrailin Qəzza­da törətdiklərini və bölgədə getdikcə daha da ağırlaşan humanitar vəziyyəti pisləyən dövlət başçısı bildirib:
“Televiziya ekranlarında gördüyümüz, çadıra bənzəməyən, küləyin, yağışın, palçığın içində qalan o körpələrin halı, onların ahı şübhəsiz ki, B.Netanyahunun yanına qalmaz.”

Dövlət başçısı R.T.Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında yanvarın 5-də ABŞ prezidenti Donald Tramp ilə telefonla danışacağını bir daha təsdiqləyib.

İstanbulda verdiyi açıqlamada prezident deyib:
“Bazar ertəsi saat 16:00 radələrində cənab D.Trampla yenidən telefon danışığımız olacaq. Rusiya ilə Ukrayna arasındakı məsələləri, eyni zamanda Fələstinlə bağlı mövzuları müzakirə etmək imkanımız olacaq.”

 

“Fələstini unutmayacağıq”

İnsanlıq İttifaqı və Milli İradə Platformasının təşəbbüsü ilə keçirilən Fələstinə dəstək yürüşü üçün yanvarın 1-də səhər saatlarından etibarən İstanbulun Qalata körpüsü üzərində təxminən 520 min nəfər toplaşıb.

400-dən çox qeyri-hökumət təşkilatının iştirakı və Türkiyə Gənclik Vəqfinin (TÜGVA) öncüllüyü ilə təşkil edilən aksiya “Geri çəkilməyəcəyik, susmayacağıq, Fələstini unutmayacağıq” şüarı altında keçirilib.

Aksiya iştirakçıları Qəzza­dakı soyqırımın dayandırılmasına çağırış ediblər.

Xatırladaq ki, İsrail 2023-cü ilin oktyabrında başlayan və Qəzza­dakı yaşayış məntəqələrini yerlə-yeksan edən, soyqırım xarakteri daşıyan müharibə çərçivəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 71 mindən çox fələstinlini qətlə yetirib. 2025-ci ilin oktyabr ayında atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, İsrailin qayda pozuntuları davam edir.