Hindistanda kömür mədənində baş verən partlayışda ölənlərin sayı 27-yə çatıb
Faktla bağlı istintaq başladılıb, partlayışla əlaqədar iki nəfər həbs edilib
Hindistanın Meqalaya əyalətində yerləşən kömür mədənində güclü partlayış baş verib. “All India Radio”nun yaydığı məlumata görə, hadisə nəticəsində həyatını itirənlərin sayı 27-yə yüksəlib, axtarış-xilasetmə işləri isə davam etdirilir.
Məsələylə bağlı açıqlama verən əyalət rəhbəri Konrad Sanqma bildirib ki, partlayış qanunsuz fəaliyyət göstərən kömür mədənində baş verib. K.Sanqma hökumətin hadisə ilə bağlı əhatəli araşdırma başlatdığını bildirib.
Əyalət üzrə polis rəsmisi Vikaş Kumar bildirib ki, partlayışın ehtimal ki, dinamit səbəbindən baş verdiyi güman olunur. Bildirilir ki, faktla bağlı istintaq başladılıb və partlayışla əlaqədar iki nəfər həbs edilib.
Qeyd edilir ki, “siçan yuvası” tipli mədənlər adətən yamaclara qazılan dərin şaquli quyulardan ibarət olur, buradan dar tunellər ayrılır və həmin tunellər vasitəsilə kömür və digər minerallar çıxarılır.
Hindistanın federal ekoloji məhkəməsi yerli icmaların su mənbələrinin çirkləndiyi və insanların həyatının təhlükə altına düşdüyü barədə şikayətlərindən sonra 2014-cü ildə Meqalaya əyalətində bu tip mədənçiliyi qadağan edib.
Lakin bu qeyri-qanuni mədənlərin fəliyyətləri, xüsusilə Meqalaya əyalətində hələ də geniş şəkildə davam edir.