İraq DEAŞ-a qarşı koalisiya missiyasının birinci mərhələsini başa çatdırıb
İraq beynəlxalq koalisiyanın DEAŞ terror təşkilatına qarşı apardığı missiyanın birinci mərhələsinin başa çatdığını elan edib
İraq beynəlxalq koalisiyanın DEAŞ terror təşkilatına qarşı apardığı missiyanın birinci mərhələsinin başa çatdığını elan edib.
İraq Xəbər Agentliyinin məlumatına görə, Beynəlxalq Koalisiyanın İraqdakı Missiyasına Son Qoymaq üzrə Ali Hərbi Komitəsi federal bölgələrdəki bütün hərbi bazalardan və komandanlıq mərkəzlərindən məsləhətçi heyətin təxliyəsinin tamamlandığını bildirib. Artıq bu strateji nöqtələr, o cümlədən Ənbar əyalətindəki "Əyn əl-Əsəd" hava bazası və Birgə Əməliyyatlar Komandanlığının qərargahı tamamilə İraq təhlükəsizlik qüvvələrinin nəzarətinə verilib.
İraq Müdafiə Nazirliyi şənbə günü Amerika qüvvələrinin bazadan çıxdığını və obyektin tamamilə İraq ordusunun ixtiyarına keçdiyini təsdiqləyib.
Ali Hərbi Komitə bildirib ki, bu mərhələnin başa çatması ilə Bağdad və Vaşinqton arasında ikitərəfli təhlükəsizlik münasibətlərinin yeni mərhələsinə start verilib.
Bu münasibətlər hərbi əməkdaşlıq üzrə anlaşma memorandumlarının icrasını, eləcə də İraq silahlı qüvvələrinin avadanlıq, təchizat, təlim və birgə əməliyyat imkanlarının gücləndirilməsini nəzərdə tutur.
Məqsəd İraq ordusunun davamlı hazırlığını və DEAŞ-a qarşı mübarizə qabiliyyətini təmin etməkdir.
Eyni zamanda, koalisiyanın Suriyadakı missiyasının ikinci və son mərhələsinə start verilib. Suriyadakı əməliyyatlara lojistik dəstək İraqın şimalındakı Ərbil hava bazası vasitəsilə təmin ediləcək.
Bu mərhələnin məqsədi qalan DEAŞ hədəflərini tamamilə zərərsizləşdirmək və İraqın milli təhlükəsizliyinə qarşı yarana biləcək təhdidlərin qarşısını almaqdır. Hələlik Vaşinqton və ya Dəməşq tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, ABŞ və İraq 2024-cü ilin sentyabrında koalisiyanın missiyasına son qoymaq üçün iki mərhələli plan barədə razılığa gəlmişdilər.
Plana əsasən, birinci mərhələ 2025-ci ilin sentyabrına qədər ordunun geri çəkilməsini, ikinci mərhələ isə 2026-cı ilin sentyabrına qədər Suriyadakı koordinasiyanın tamamlanmasını əhatə edir.
2014-cü ildə DEAŞ-a qarşı yaradılan beynəlxalq koalisiya İraqın 2017-ci ildə qələbə elan etməsinə baxmayaraq, bölgədəki vaxtaşırı hücumların qarşısını almaq üçün indiyədək fəaliyyətini davam etdirirdi.