Qəzza zolağında atəşkəslə bağlı növbəti addımlar nə olacaq?
İsrail və HƏMAS arasında kövrək atəşkəs qərarından sonra ciddi çətinliklərin öhdəsindən gəlinə bilsə, çoxmərhələli sülh planı ilə müharibənin sona çatdırılması və Qəzzanın yenidən bərpası məqsəd götürülüb
İsrail və HƏMAS arasında atəşkəs razılaşmasından sonra indi diqqətlər Qəzzada amansız müharibəyə son qoymaq və uzunmüddətli sabitliyə nail olmaq məqsədi daşıyan iddialı sülh planının növbəti mərhələsinə yönəlib.
Oktyabrın 10-da İsrail və HƏMAS arasında əldə olunan tarixi atəşkəs razılaşmasının bir hissəsi olaraq, bombardman dayandırılıb və İsrail qoşunları Qəzzadan çıxarılıb.
İndiyədək Fələstinin müqavimət qrupu HƏMAS 20 israilli girovu azad edib, əvəzində isə fələstinli girov və məhbuslar azad edilib. Bundan əlavə, iki illik dağıdıcı müharibədən sonra Fələstin ərazilərinə daha çox humanitar yardım gəlməyə başlayıb.
Misirin Şarm əl-Şeyx şəhərində keçirilən beynəlxalq sammitdə Türkiyə, Qətər və Misir liderləri ABŞ prezidenti Donald Trampla birlikdə Qəzzada atəşkəs sazişini imzalayıblar.
Sülh planı bir neçə mərhələdən ibarətdir və hər birində aradan qaldırılması vacib maneələr var.
Üç mərhələ nədir?
Hazırda qüvvədə olan mərhələ qarşılıqlı atəşkəs, israilli girovların və fələstinli məhbusların azad edilməsi və humanitar yardıma çıxış imkanlarının artırılmasını nəzərdə tutur. Beynəlxalq vasitəçilər deyirlər ki, bu mərhələ davam edir, lakin tərəflər arasındakı etimad aşağı səviyyədə olduğu üçün bu proses kövrək olaraq qalır.
Bundan sonra nə olacağı ilə bağlı çoxlu suallar qalır.
Növbəti və bəlkə də ən çətin mərhələ Fələstinin HƏMAS müqavimət qrupunun raket anbarları və yeraltı tunelləri də daxil olmaqla hərbi infrastrukturunu sökmək məqsədi daşıyır. HƏMAS döyüşçülərinə tərksilah müqabilində əfv və ya xaricə təhlükəsiz keçid təklif oluna bilər.
Səlahiyyət boşluğunun qarşısını almaq üçün ərəb ölkələrindən və NATO müttəfiqlərindən olan qoşunlar daxil ola biləcək çoxmillətli sülhməramlı qüvvələr əsas ərazilərin təhlükəsizliyini təmin və keçid prosesinə nəzarət etmək üçün yerləşdiriləcək. Beynəlxalq qüvvələrin nəzarəti təhvil alması ilə İsrail qoşunlarının tədricən geri çəkiləcəyi gözlənilir.
İsrail HƏMAS-ın tərksilah edilməsini təmin etmək istəyir. HƏMAS isə İsrailin Qəzzadan tamamilə çıxarılmasını və müharibənin yenidən başlamasına icazə verilməməsini tələb edir. HƏMAS bəyan edir ki, o, Trampdan tam geri çəkilmənin baş verəcəyi ilə bağlı aldığı güclü təminatlara inanır. Bununla belə, bunun nə qədər vaxt aparacağı - həftələr, aylar və ya illər - bəlli deyil.
Trampın təqdim etdiyi 20 bəndlik plan İsrailin Qəzza sərhədi boyunca dar bir bufer zonasını saxlamasını nəzərdə tuturdu. İsrail həmçinin Qəzzanın Misirlə sərhədində Filadelfiya dəhlizinin saxlanmasını da qeyd edib. HƏMAS-ı tərksilah edənə qədər İsrailin bu ərazilərdən əl çəkməsi ehtimalı azdır.
Eyni zamanda, HƏMAS hökumətinin yerinə müharibədən sonrakı hökumət qurulmalıdır. Bu mərhələ olmadan yenidənqurma baş tutmayacaq və Qəzzada iki milyondan çox insanın iztirabları davam edəcək.
Tərəflər arasında etimadın olmaması səbəbindən müqavilənin qarantlarının davamlı təzyiqləri çox vacibdir. Bu bir-birinə qarışan problemlərin həllində hər hansı axsaqlıq hər şeyi poza bilər və İsraili Qəzzanı məhv etmək kampaniyasını davam etdirməyə vadar edə bilər.
Trampın 20 bəndlik planında Misir və İordaniya tərəfindən təlim keçmiş Fələstin polisi ilə birlikdə Qəzzaya ərəblərin rəhbərlik etdiyi beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi də təklif edilib. Beynəlxalq qüvvələr yerləşdirildiyi üçün İsrail qüvvələrinin bölgələrdən geri çəkiləcəyi bildirilib. Bu sistemin tətbiq ediləcəyi və ya alternativ planın müzakirə ediləcəyi hələlik məlum deyil.
Əgər tərksilah uğurlu olarsa, diqqət üçüncü mərhələdə Qəzzanın dağılmış infrastrukturunun yenidən qurulmasına yönələcək. Aİ, Körfəz ölkələri və ABŞ da daxil olmaqla beynəlxalq donorlardan milyardlarla dollar yardım gözlənilir. Yenidənqurma işlərini idarə etmək üçün neytral müvəqqəti administrasiya yaradılacaq və son nəticədə ərazinin idarəsi Fələstin İdarəsinə və ya Qəzza və İordan çayının qərb sahilini təmsil edən islah edilmiş idarəetmə orqanına veriləcək.
Bəzi əsas güclərin fikirləri
Beynəlxalq arenanın əsas simaları kövrək atəşkəs və sülh planının mərhələləri ilə bağlı fikirlərini bildiriblər. ABŞ Dövlət katibi Marko Rubio bəyan edib ki, çağırışlar atəşkəsin birinci mərhələsinin qüvvəyə minməsi ilə indi başlayır. Soyqırımçı Benyamin Netanyahu təhlükəsizliyə sadiqliyini təkrarlayıb, lakin sülhün davam etməsi üçün HƏMAS-ın tərksilah edilməsində israr edib. Bununla belə, HƏMAS atəşkəsi qəbul edib, lakin "fələstinlilərin hüquqlarını və sayıqlığı davam etdirməyə" çağırıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada daimi sülhün yalnız iki dövlətli həll yolu ilə əldə oluna biləcəyini bildirib. Ərdoğan Qəzzaya çatdırılması üçün fasiləsiz humanitar yardımın və yenidənqurma işlərinin dərhal başlamasının vacibliyini vurğulayıb. Misir prezidenti Əbdülfəttah əs-Sisi Şarm əl-Şeyxdə keçirilən sammitdə dünya liderlərinə müraciət edərək Trampın təklifinin region üçün “son şans” olduğunu bildirib. Digər tərəfdən, BMT-nin Baş katibi Antonio Quterreş sözçüsü vasitəsilə verdiyi bəyanatda Qəzzaya humanitar yardımın dərhal və maneəsiz çatdırılmasına çağırıb və “döyüşlər tamamilə və dərhal dayandırılmalıdır” deyib. O, həmçinin atəşkəs rejimini iki dövlətli həll yolunda etibarlı siyasi prosesin bərpası ilə əlaqələndirib.
Gələcəkdəki hökumət
Hazırkı sülh planı əsasən atəşkəs və sabitliyə yönəlib, lakin Fələstin dövlətinin yaradılması və yekun status danışıqları kimi əsas məsələlərə böyük ölçüdə məhəl qoymur. Bir çox ekspertlər bu mərhələli yanaşmanı uzun müddətdir dalana dirənmiş iki dövlət həlli danışıqlarını canlandırmaq üçün zəruri ilk addım kimi görürlər. Bununla belə, davamlı siyasi parçalanmalar və regional mürəkkəbliklər səbəbindən tam suveren Fələstin dövlətinin necə və nə vaxt qurulacağına dair qeyri-müəyyənlik davam edir.
Planı tənqid edənlər xəbərdarlıq edirlər ki, HƏMAS-ın tərksilah edilməsi qeyri-real ola bilər, eyni zamanda Qəzza xalqının xaricdən tətbiq olunan hakimiyyəti qəbul edib-etməyəcəyi ilə bağlı narahatlıqlar da hökm sürür. Maliyyələşdirmə və koordinasiya, eləcə də zorakılığın təkrarlanma riski əsas narahatlıqlar olaraq qalır.
Qeyri-müəyyənliklərə baxmayaraq, beynəlxalq aktyorlar bu mərhələli yanaşmanı Qəzzanı sabitləşdirmək, müharibə və humanitar böhran dövrünə son qoymaq üçün illər ərzində ən yaxşı fürsət kimi görürlər.
Sülh daimi olacaqmı?
Bir çox fələstinli İsrailin danışıqlarda hər hansı bir pozğunluğu öz hücumunu yeniləmək üçün fürsət kimi dəyərləndirəcəyindən qorxur. Netanyahu və onun sərt müttəfiqləri bir neçə aydır ki, Qəzza üzərində uzunmüddətli birbaşa təhlükəsizlik nəzarətini saxlayacaqlarını və Fələstin əhalisinin “könüllü” təxliyəsini nəzərdən keçirəcəklərini təkid ediblər. Qəzzada çoxları bunun İsrailin son məqsədi olduğuna inanır.