İsrail Qəzza üzrə əldə edilən atəşkəsə baxmayaraq daha 12 fələstinlini öldürdü
Atəşkəsin qüvvəyə minməsindən bəri İsrail qüvvələri 524 fələstinlini öldürüb və 1.360 nəfəri yaralayıb
Yanvarın 31-də (bu gün) səhər saatlarında Qəzzanın müxtəlif ərazilərini hədəf alan İsrailə məxsus hava hücumları nəticəsində təxminən 12 fələstinlinin həyatını itirdiyi bildirilir.
Tibbi mənbələrin verdiyi məlumata görə, Qəzza şəhərinin qərbində yerləşən Rimal məhəlləsində bir yaşayış binasına endirilən İsraila məxsus hava zərbəsi nəticəsində üçü uşaq, ikisi qadın olmaqla beş fələstinli həlak olub, çoxsaylı şəxslər isə yaralanıb.
Qəzzanın cənubunda yerləşən Xan Yunisin şimal-qərbindəki Əsda bölgəsində isə məcburi köçkünlərin sığındığı çadırı hədəf alan digər hava hücumu zamanı bir kişi, onun üç oğlu və üç azyaşlı nəvəsi olmaqla yeddi fələstinli həyatını itirib. Bu məlumatı şəhərdə yerləşən “Nasir” Xəstəxanasının səhiyyə əməkdaşları təsdiqləyib.
Şahidlərin bildirdiyinə görə, Qəzza şəhərinin şərqində yerləşən Tuffah məhəlləsində bir yaşayış binasına İsrail qüvvələrinin həyata keçirdiyi hücum nəticəsində də çox sayda fələstinli yaralanıb.
İsraila məxsus döyüş təyyarələri həmçinin Qəzza şəhərinin şimal-qərbində yerləşən əl-Calaa küçəsini və “Bureyc” qaçqın düşərgəsinin şərq hissəsini iki ayrı hücumla hədəf alıb.
İsrailin törətdiyi soyqırım
Oktyabr ayının əvvəlində atəşkəsin qüvvəyə minməsindən bu yana İsrailin törətdiyi hücumlar nəticəsində 524 fələstinli həyatını itirib, 1.360 nəfər yaralanıb, 1.450 təşkəs pozuntusu qeydə alınıb. Bu barədə Qəzzanın Media Ofisi yanvarın 31-də (bu gün) məlumat yayıb.
Açıqlamada həmçinin qeyd olunub ki, razılaşma qüvvəyə mindikdən sonra İsrail ordusu 50 fələstinlini saxlayıb. Bildirilib ki, həmin şəxslər “sarı xətt”dən uzaq ərazilərdən və yaşayış məhəllələrinin içərisindən götürülüb.
Humanitar protokolla bağlı qiymətləndirmədə isə vurğulanıb ki, razılaşmaya əsasən nəzərdə tutulan ümumilikdə 66.600 yük maşınından yalnız 28.927-nin — humanitar yardım, ticarət yükləri və yanacaq daşıyan nəqliyyat vasitələrinin — Qəzzaya girişinə icazə verilib. Bu göstəricinin isə əldə olunan razılaşmayla müqayisədə cəmi 43 faiz uyğunluq təşkil etdiyi bildirilib.
Qeyd edilib ki, sözügedən razılaşma iki il davam edən və 71.600-dən çox fələstinlinin öldürüldüyü, 171.300 nəfərin yaralandığı İsrailin törətdiyi hücumlara son qoymalı idi.
Hücumlar nəticəsində Qəzzadakı mülki infrastrukturun təxminən 90 faizi dağıdılıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) isə yenidənqurma xərclərinin təxminən 70 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır.