Rasmussen Qrenlandiya mövzusunda ABŞ ilə danışıqlardan sonra "daha nikbin" olduğunu bildirib
Danimarka Qrenlandiya mövzusunda ABŞ ilə ilkin danışıqların gərginliyi azaltdığını, lakin suverenlik məsələsinin müzakirə mövzusu olmadığını bildirib
Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen bu gün (29 yanvar 2026) Brüsseldə keçirilən Aİ iclasında jurnalistlərə açıqlamasında Qrenlandiya mövzusunda ABŞ ilə texniki danışıqların başlamasından sonra "daha nikbin" olduğunu bildirib və deyib ki, dünən Vaşinqtonda Qrenlandiya məsələsi ilə bağlı yüksək vəzifəli şəxslər səviyyəsində ilk görüşümüz oldu. Çox konstruktiv atmosfer və tonda yaxşı bir görüş idi. Yeni görüşlər planlaşdırılır. Bu, hər şeyin həll olunduğu anlamına gəlmir, amma yaxşıdır".
Üçtərəfli danışıqlar ABŞ prezidenti Donald Trampın ötən həftə Avropa İttifaqı və NATO-nun üzvü olan Danimarkanın muxtar Arktika bölgəsi olan Qrenlandiyanı ələ keçirmək təhdidlərindən geri çəkilməsindən sonra baş tutub.
Rasmussen deyib: "Böyük bir dönüş olub. Gərginlik artmaqda idi, amma indi yenidən yoluna düşüb. Bu gün bir həftə əvvəlkindən bir az daha nikbinəm".
Trampın Qrenlandiya ilə bağlı təhdidləri transatlantik alyansını son illərdəki ən dərin böhrana sürükləyib.
ABŞ lideri ölkəsinin təsirini gücləndirmək naminə NATO-nun Baş katibi Mark Rutte ilə "çərçivə" razılaşmasına nail olduğunu bildirərək, Qrenlandiyanı ələ keçirmək fikrindən imtina etdi.
Lakin konkret detallar barədə əldə edilən razılığın zəif olduğu görünür. Danimarka və Qrenlandiya rəsmiləri suverenliyin ötürülməsini müzakirə etməkdən imtina edirlər.
Rasmussen deyib: "Mən dəfələrlə demişəm ki, əlbəttə ki, biz ABŞ-nin Arktika ilə bağlı təhlükəsizlik narahatlıqlarını bölüşürük. Bu məsələni sıx əməkdaşlıq şəraitində həll etmək istəyirik".
Vaşinqtonla yaxınlaşmanın bir hissəsi olaraq, NATO-nun Arktikadakı fəaliyyətini gücləndirməsi gözlənilir. Danimarka və Qrenlandiya ABŞ hərbi yerləşdirilməsi ilə bağlı 1951-ci il müqaviləsini yenidən müzakirə edə bilərlər.