Pentaqon İran müharibəsi üçün 200 milyard dollardan çox təcili vəsait tələb edib
"Washington Post"un xəbərinə görə, Ağ Ev rəsmiləri siyasi müxalifət səbəbindən tələbin qəbul edilməməsindən narahatdırlar
Hökümətin yüksək səviyyəli rəsmilərindən birinin məlumatına görə, Pentaqon İrandakı müharibəni maliyyələşdirmək üçün Ağ Evdən 200 milyard dollardan çox vəsait tələb edib.
“The Washington Post”un xəbər verdiyi bu nəhəng yeni tələbin Konqresdə ciddi müqavimətlə qarşılaşması ehtimal olunur.
Təklif olunan maliyyələşdirmə mövcud hava hücumlarının xərclərini xeyli üstələyəcək və müharibədə istifadə olunan kritik silahların istehsalını artırmağı hədəfləyir.
Müdafiə Nazirliyi ABŞ və İsrail qüvvələrinin son üç həftə ərzində minlərlə hədəfə zərbə endirməsi ilə sürətlə tükənən dəqiq idarə olunan döyüş sursatlarını yeniləmək üçün böyük maliyyə paketləri tələb edir.
Ağ Evin Konqresdən nəticə etibarilə nə qədər təsdiq istəyəceyi hələlik qeyri-müəyyənliyini qoruyur. Bəzi rəsmilər Pentaqonun tələbinin Konqresdə qəbul edilmə şansının olmadığını düşünürlər.
Rəsmilər nazirliyin davam edən daxili müzakirələrin bir hissəsi olaraq son həftələrdə bir neçə təklif təqdim etdiyini bildiriblər.
Siyasi mübarizə
Bu tələbin ictimaiyyətin müharibəyə dəstəyinin məhdud olduğu və Demokratların kəskin tənqidlər səsləndirdiyi Konqresdə böyük bir siyasi mübarizəyə səbəb olacağı gözlənilir.
Respublikaçılar əlavə maliyyələşdirməyə dəstək verdiklərini bildirsələr də, xüsusilə Senatın 60 səs həddi nəzərə alındıqda, hələlik aydın bir qanunvericilik yolu ortaya qoyulmayıb.
Tram, ABŞ-nin xaricdəki münaqişələrdə iştirakını azaltmaq vədi ilə kampaniya aparmış və Konqresin təxminən 188 milyard dollar olaraq təsdiqlədiyi Ukrayna müharibəsi üçün edilən əvvəlki xərcləri tənqid etmişdi.
Rəsmilərə görə, İran müharibəsinin maliyyə xərcləri sürətlə artıb və təkcə ilk həftədə 11 milyard dolları keçib.
ABŞ-İsrailin İrana qarşı birgə hücumları başladıqdan qısa müddət sonra, administrasiya ordunun hücumları davam etdirərkən hazırlıqlı qalmasını təmin etmək üçün əlavə maliyyə tələbi hazırlamağa başlayıb.
Pentaqon daxilində bu səylərə Müdafiə Nazirinin müavini Steven Faynberq rəhbərlik edib. Faynberq ABŞ müdafiə sənayesi bazasını genişləndirməyə və mühüm silah sistemləri üçün istehsal potensialını artırmağa fokuslanıb.
Rəsmilər təkliflərin sursat çatışmazlığını aradan qaldırmağı və istehsalı sürətləndirməyi məqsəd qoyduğunu bildiriblər; lakin ekspertlər işçi qüvvəsi, texniki obyektlər və material məhdudiyyətləri səbəbindən istehsalın miqyasının artırılmasının vaxt aparacağı barədə xəbərdarlıq ediblər.
Müharibə başlamazdan əvvəl belə, Tramp 1,5 trilyon dollarlıq müdafiə büdcəsi çağırışı etmişdi; bu təklif, Ağ Ev İdarəetmə və Büdcə Ofisi (OMB) tərəfindən çox yüksək olduğu əsası ilə daxili müxalifətlə qarşılaşmışdı.
Millət vəkilləri həmçinin, yekun paketə kəşfiyyat əməliyyatları üçün əlavə vəsaitlərin də daxil edilməsi istiqamətində təzyiq göstəriblər.