SEPAH ABŞ-a məxsus üç hərbi bazanı vurduğunu açıqladı
İran İnqilab Keşikçiləri Korpusu Yaxın Şərqdə bir sıra ABŞ hərbi bazalarını hədəf aldığını açıqlayıb
“Fars News” xəbər agentliyinin martın 15-də (bu gün) yaydığı məlumata görə, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bölgədə yerləşən üç ABŞ hərbi hava bazasını raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurduğunu bildirib.
Məlumatda bildirilir ki, SEPAH Ərbil şəhərində yerləşən “əl-Hərir” hərbi hava bazasında ABŞ qüvvələrinin toplaşma mərkəzini hədəf alıb. Həmçinin bildirilib ki, Küveytdə yerləşən “Əli əs-Səlim” və “Ərifcan” hərbi bazaları da İrana məxsus PUA-lar ilə vurulub.
Açıqlamada hücumların İranda sənaye zonalarında çalışan fəhlələrin öldürülməsinə cavab olaraq həyata keçirilən “Həqiqi Vəd 4 əməliyyatı”nın 52-ci mərhələsinin bir hissəsi olduğu qeyd olunub.
SEPAH açıqlamasında həmçinin İsrailin baş naziri Benyamin Netanyahunu hədələyərək bildirib: “Əgər o hələ sağdırsa, onu izləməyə davam edəcəyik və bütün gücümüzlə öldürəcəyik.”
Qeyd edək ki, İsrail Baş nazirinin Ofisi “Anadolu” agentliyinə açıqlamasında Baş nazir haqqında sosial şəbəkələrdə yayılan bəzi məlumatların saxta olduğunu bildirib.
Bildirilir ki, həmin məlumatlarda ABŞ və İsrailin hücumlarına İranın cavabı zamanı B.Netanyahunun öldürüldüyü iddia edilir.
Bundan əlavə, İsrailin “Channel 12” telekanalının yaydığı məlumata görə, İranın son ballistik raket hücumundan sonra İsrailin mərkəzində yerləşən Holon şəhərində iki nəfər yüngül xəsarət alıb.