Donald Tramp İrana qarşı həyata keçirilən əməliyyatla bağlı paylaşım etdi

ABŞ Prezidenti Donald Tramp İranın kritik əhəmiyyətə malik infrastruktur obyektlərinə qarşı daha ağır hücumların qaçılmaz ola biləcəyini bəyan edib

By
Donald Tramp İrana qarşı həyata keçirilən əməliyyatla bağlı paylaşım etdi / Reuters

ABŞ Prezidenti Donald Tramp İranın kritik əhəmiyyətə malik infrastruktur obyektlərinə qarşı daha ağır hücumların qaçılmaz ola biləcəyini bəyan edib. Rəsmi "Truth Social" platformasında paylaşım edən Tramp bildirib ki, dünyanın ən güclü qüvvəsi olan ABŞ ordusu hələ İrandakı hədəflərin hamısını məhv etməyə başlamayıb.

"Növbədə körpülər və elektrik stansiyaları var! Yeni rejim nə edilməli olduğunu bilir və bu, tez bir zamanda həyata keçirilməlidir",-deyə Donald Tramp vurğulayıb.

Bu açıqlamalar fevralın 28-də start verilən “Epic Fury” əməliyyatı ilə bağlı xalqa müraciətdən bir gün sonraya təsadüf edib. Tramp həmin müraciətində növbəti iki-üç həftə ərzində İrana son dərəcə ağır zərbələr endiriləcəyini və bu ölkənin "daş dövrünə qaytarılacağını" vurğulamışdı.

100-dən çox beynəlxalq hüquqşünas ABŞ-nin İrana hücumlarının müharibə cinayəti hesab edilə biləcəyi barədə xəbərdarlıq edib. Ekspertlərin yaydığı birgə bəyanatda qeyd olunur ki, bu müharibə Yaxın Şərqdə yüzlərlə mülki şəxsin ölümünə, həmçinin ciddi ekoloji və iqtisadi fəsadlara yol açır.