"Həcəmət" etdirməyin faydaları
PUBLİSİSTİK YAZILAR
3 dəqiqə oxuma
"Həcəmət" etdirməyin faydalarıHippokrat da bu vasitədən istifadə edib, İbn Sina isə bu haqda öz kitabında yazıb
"Həcəmət" etdirməyin faydaları

Son illərdə insanlar sağlamlıqlarını qorumaq üçün fərqli üsullara daha çox meyl edirlər. Bu axtarışın bir hissəsi kimi, ənənəvi və tamamlayıcı təbabət tətbiqləri hər keçən gün daha çox rəğbət qazanır.

Akupunkturdan zəli müalicəsinə, aromaterapiyadan ozon terapiyasına qədər bir çox üsulu əhatə edən ənənəvi və tamamlayıcı təbabət fiziki sağlamlıqla yanaşı, ruh və ümumi həyat balansını bərpa etmək üçün də həll yolları kimi istifadə olunur.

Bu üsullardan biri də banka qoyma terapiyasıdır. Bugünkü verlişimizdə son dövrlərdə yenidən gündəmə gələn bu müalicə metodunu diqqətlə nəzərdən keçiririk. Məsələylə bağlı Səhiyyə Elmləri Universiteti Ümraniyə Tədris və Araşdırma Xəstəxanasının Ailə Təbabəti Klinikası üzrə alim Süleyman Ersoyun "TRT Haber"ə verdiyi xüsusi reportajını diqqətinizə çatdırırıq.

Təxminən dörd min illik bir tarixə sahib olan və xalq arasında "həcəmət" kimi də tanınan qan alma müalicəsi bu gün də bir çox insan tərəfindən istifadə edilir. Alim Süleyman Ersoy bu müalicə üsulu haqqında belə deyir: “Təbabətin atası Hippokrat və qədim romalı həkim Qalen qan alma müalicəsindən öz təcrübələrində geniş istifadə ediblər. İbn Sina isə məşhur "Əl-Qanun fit-Tibb" kitabında həcəmət haqqında çox ətraflı şəkildə bəhs edib”.

Əvvəllər şüşə stəkanlarla olunan bu prosedur, günümüzdə birdəfəlik istifadəyə məxsus bankalarla həyata keçirilir. Bəs bu proses tam olaraq necə icra olunur?

Süleyman Ersoy bu prosesi addım-addım belə izah edir: "Dəri üzərinə vakum tətbiq edilir. Bununla da dəridə qübbəşəkilli qabarma yaranır. Əgər bu mərhələdə saxlasaq, bu “quru banka qoyma üsulu” olar. Əgər həmin qabarmış nahiyəyə çoxlu sayda kəsiklər tətbiq etsək, oradan laxta qan çıxartmış olarıq. Bu da “yaş banka qoyma” və ya xalq arasındakı tanınan adı ilə “həcəmət” olar."

Süleyman Ersoyun bildirdiyinə görə, Türkiyədə ənənəvi və tamamlayıcı təbabət tətbiqlərini ancaq tibb fakültəsi məzunu olan həkimlər həyata keçirə bilər. Üstəlik, təkcə həkim olmaq da kifayət etmir. Bununla bağlı Səhiyyə Nazirliyinin akkreditə etdiyi tədris mərkəzlərində müvafiq ənənəvi və tamamlayıcı təbabət tətbiqi üzrə təlim keçmək mütləq şərtdir.

Qeyri-qanuni və lazımi şəraiti olmayan mərkəzlərdən isə mütləq uzaq durmaq lazımdır. Süleyman Ersoy bu mövzuyla bağlı belə deyir: "Bu, cərrahi bir müdaxilədir. Gigiyena çox vacibdir, prosedurun peşəkar şəxslər tərəfindən həyata keçirilməsi çox önəmlidir. Bu müalicə üsulundan faydalanmaq istəyən vətəndaşlar mütləq Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş və sertifikatı olan həkimlərin işlədiyi mərkəzlərə müraciət etməlidirlər."

 

Bəs qan alma müalicə üsulu hansı xəstəlik problemlərinin müalicəsində faydalıdır?

Süleyman Ersoya görə, onun ən effektiv təsiri ağrıları azaltmasında görünür. O, xroniki baş ağrıları və miqren zamanı bu üsulun çox təsirli olduğunu bildirir: "Müasir təbabətdə xəstələr bəzən mövcud müalicələrlə nəticə ala bilmirlər. Biz bu xəstələri üç seansa, bəzən də səkkiz-on seansa uzunmüddətli ağrılardan xilas edə bilirik. Beləliklə, onların həyat keyfiyyəti də yüksəlir və simptomları da azalmağa başlayır."

Boyun, kürək və bel ağrıları da “həcəmət” müalicəsinin təsirli olduğu sahələr arasındadır.

Lakin banka qoyma müalicəsi təkcə ağrıları aradan qaldırmaq üçün nəzərdə tutulmayıb. O, bəzi xroniki xəstəliklərdə də dəstəkləyici rol oynayır. Bu barədə həkim Süleyman Ersoy belə deyir: “Yüksək təzyiq və qanda yağların yüksək olması kimi kardiovaskulyar problemlərdə tibbi tədqiqatlara əsaslanan araşdırmalar mövcuddur. Hətta diabet xəstələrində də qəbul edilən dərmanlara əlavə olaraq qan alma müalicəsi tətbiq edildikdə, qandakı şəkərin tənzimlənməsinə müsbət təsir göstərdiyi müşahidə olunur.

Nəticə etibarilə dörd min illik bu qədim müalicə üsulu, düzgün tətbiq olunduqda müasir təbabətin yanında güclü bir dəstəyə çevrilir. Lakin ən vacib məqamı unutmamaq lazımdır ki, əvvəlcə mütəxəssis həkimlə məsləhətləşmək və sertifikatlaşdırılmış müalicə mərkəzinə müraciət etmək şərtdir.

MƏNBƏ:TRT