İspaniya və Yunanıstan Qəzzada tam sülh planının həyata keçirilməsinə dəstək verməyi təsdiqləyiblər
Madriddə keçirilən görüşdə iştirakçılar Qəzza razılaşmasının növbəti mərhələsinə keçilməsini dəstəkləyiblər
İspaniya və Yunanıstan Qəzzada ABŞ-ın dəstəklədiyi sülh planının tam şəkildə həyata keçirilməsinə verdikləri dəstəyi bir daha bəyan ediblər.
İspaniya Baş naziri Pedro Sançes ilə Madriddə görüşən Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Yaxın Şərqdəki son prosesləri, Venesueladakı vəziyyəti və iki ölkə arasındakı iqtisadi əlaqələri müzakirə ediblər.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Mitsotakis bildirib ki, hər iki ölkə Qəzzada sülh çərçivəsini dəstəkləyir və razılaşmanın növbəti mərhələsinə keçilməsi üçün irəliləyişə ehtiyac var.
“Biz sülh planının tam şəkildə icrasını dəstəkləyirik və ikinci mərhələyə sürətlə keçilməsini gözləyirik”, -deyə Mitsotakis qeyd edib.
Liderlərin Venesueladakı son hadisələri də müzakirə etdiyini bildirən Mitsotakis əsas prioritetin gərginliyin azaldılması və demokratik legitimliyə malik yeni hökumətə problemsiz keçidin təmin edilməsi olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın 20 maddəlik planı çərçivəsində oktyabrın 10-da Qəzzada atəşkəs razılaşması qüvvəyə minib. Lakin İsrailin razılaşmanı mütəmadi olaraq pozmaqda davam etdiyi, atəşkəsin üçüncü ayında azı 442 fələstinlinin həlak olduğu bildirilir.
İsrailin 2023-cü ilin oktyabrından bu yana Qəzzaya qarşı həyata keçirdiyi hücumlar nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 71 mindən çox fələstinlinin öldüyü, 171 mindən çox insanın yaralandığı qeyd olunur.