ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında davam edən müharibənin sona çatdırılmasında mühüm rol oynaya biləcəyini deyib.
Tramp bu fikirləri Misirdən ABŞ-a qayıdarkən "Air Force One" təyyarəsində jurnalistlərlə söhbəti zamanı səsləndirib. Liderlərin Rusiya-Ukrayna müharibəsində vasitəçi olub-ola bilməyəcəyi ilə bağlı sualı cavablandıran Tramp "Ərdoğan bunu bacara bilər", – deyə bildirib.
O əlavə edib ki, Ərdoğan Rusiyanın hörmət etdiyi bir liderdir.
Qeyd edək ki, Türkiyə 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün diplomatik səylərini davam etdirir. Ankara həm Kiyev, həm də Moskva ilə danışıqlar yolu ilə münaqişəyə son qoyulmasına çağırış edərək, sülhün bərqərar olması üçün vasitəçilik də daxil olmaqla bütün təşəbbüslərə hazır olduğunu bəyan edib.
Zelenski ilə görüş
Tramp təyyarədə jurnalistlərin suallarını cavablandırarkən, Ukrayna prezidenti Volodimir Zelenski ilə oktyabrın 17-də Ağ Evdə görüşəcəyini təsdiqləyib.
Zelenski isə günün əvvəlində “X” sosial platformasında paylaşım edərək, ABŞ-a bir sıra görüşlər üçün nümayəndə heyətinin yola düşdüyünü bildirib və cümə günü Tramp ilə görüşəcəyini qeyd edib.
“Cümə günü Vaşinqtona səfər edəcəyəm və prezident Tramp ilə görüşmək imkanım olacaq,” – deyə Zelenski paylaşımında bildirib. O, həmçinin əlavə edib: “Bir sıra addımları müzakirə edəcəyimizi düşünürəm. Dialoqumuza və dəstəyinə görə prezident Trampa minnətdaram”.
Zelenski səfərin əsas diqqətinin hava hücumundan müdafiə və uzun mənzilli imkanlar olacağını qeyd edərək, "Rusiya üzərinə sülh naminə təzyiq göstərmək üçün" bu məsələlərin gündəmdə olacağını vurğulayıb.













