Süni intellekt vasitəsi ilə müalicə olunmaq
Süni intellekt artıq təkcə məlumat təqdim edən bir sistem deyil, həm də psixoloji dəstək verir
Bu gün kifayət qədər müzakirə doğuran bir mövzunu diqqət mərkəzinə gətiririk: süni intellekt ilə müalicə olunmaq. Süni intellekt artıq təkcə məlumat təqdim edən sistem deyil; o, emosiyalara toxunan, psixoloji proseslərə daxil edilən bir texnologiyaya çevrilir.
Son illərdə xüsusilə klassik terapiya xidmətlərinə çıxışda çətinlik yaşayan şəxslər emosional dəstək axtarışında süni intellekt tətbiqlərinə yönəlirlər. Hər an əlçatan olmaları, daha aşağı maliyyət tələb etmələri və şəxsi məkanın daha asan qorunduğu hissini yaratmaları bu sistemlərin cəlbediciliyini artırır.
Lakin söhbət insan psixologiyasından gedirsə, burada belə bir sual ortaya çıxır: “Əlçatan olmaq” təkbaşına kifayət edirmi? Bu sualın cavabını klinik psixoloq İrem Akyüz Çaylak ilə birlikdə araşdırdıq.
Süni intellektdən gələn cavablar doğrudan da “terapiya” sayıla bilər?
Süni intellekt əsaslı tətbiqlər empatik görünən cavablar verə bilir. Bəs bu cavablar real psixoterapiya prosesinin təqdim etdiyi təhlükəsiz və transformativ münasibəti formalaşdıra bilər? İrem Akyüz Çaylaka görə, bu mümkün deyil. O belə deyir: “Bu kimi cavablar dəstəkləyici bir məkan yarada bilər. Lakin insan terapevtlə qurulan münasibətdə formalaşan mühiti təmin etməsi gözlənilə bilməz. Terapiya münasibətində süni intellektin hazırda təmin edə bilmədiyi və sağaldıcı, qoruyucu xüsusiyyətlərə malik olan bir sıra amillər var: insani təmas, sərhədləri müəyyən edilmiş çərçivə, hesabatlılıq, etik standartlar, şəffaflıq, məlumatlı razılıq, məlumatların məxfiliyi və təhlükəsizliyi.”
Çünki terapiya sadəcə problemin adını qoymaq deyil. İnsan terapevtlə qurduğu təhlükəsiz münasibət daxilində düşüncə və davranışlarını yenidən formalaşdırır. Bu baxımdan süni intellekt təkcə səthi dəstək göstərə bilir.
İrem Akyüz əlavə edərək deyir: “İnsani münasibətin əsas komponentlərini qarşılamadığı üçün süni intellektin təqdim etdiyi psixoloji dəstək yetərsiz qala bilər.”
Aparılan tədqiqatlar göstərir ki, süni intellekt bəzi hallarda terapevtlərə geniş məlumat təhlili aparmaqla, xüsusilə də klinik halların formullaşdırılması mərhələsində dəstək verə bilir. Bəzi tədqiqatlarda isə ilkin yoxlama, simptomların müəyyənləşdirilməsi kimi sahələrdə faydalı olduğu qeyd olunur.
Lakin burada məlumat təhlükəsizliyinin təmin edilməsi və dəstəyin etik standartlara uyğun göstərilməsi mühüm əhəmiyyət daşıyır. Hesabatlılıq prinsipi də xüsusi önəm kəsb edir. Çünki potensial zərər yetrimə hallarında süni intellektin hüquqi və peşəkar məsuliyyət mexanizmi mövcud deyil. Bu səbəbdən mövcud standartlar çərçivəsində süni intellektin, insan terapevtlə qurulan münasibəti və proses dəstəyini tam şəkildə əvəz etməsi gözlənilmir.
Mövzumuzla bağlı yaranan bir digər sual isə belədir: bəs aparılan terapiya təkcə sözlərdən ibarətdir? Terapevtik proses də sadəcə danışıqdan ibarət deyil; mimikalar, səs tonu, baxışlar və jestlər də sağaldıcı rol oynayır. Süni intellektin ən böyük çatışmazlığı da məhz burada üzə çıxır.
İrem Akyüz Çaylak bunu belə izah edir: “İnsanlar ünsiyyət zamanı güzgü neyronları vasitəsilə bir-biriləri ilə əlaqə qururlar. Qarşı tərəfin mimikasını qəbul edir və əks etdirə bilirik. Bu yolla empati formalaşdırırıq.”
Eyni zamanda bizim üz ifadəmiz də qarşı tərəfin emosiyasını əks etdirə bilir. Empati qurarkən həm zehnimiz, həm də bədənimiz həmin insanla rezonansa girir. Bu isə təhlükəsizlik hissi və insani əlaqələrin formalaşması üçün əsas mənbədir.
“Süni intellekt burada insani təması hiss etmək baxımından məhdudiyyət yaradır. Bu səbəbdən insan terapevtin pasiyentlə qurduğu təmasın xüsusiyyətlərini təmin etməsi mümkün olmaya bilər”, - deyə psixoloq İrem xanım qeyd edir.
Məlumat təhlükəsizliyi də risk altındadır
Bəzi istifadəçilər emosiyalarını süni intellektə ifadə etməyin daha asan olduğunu bildirirlər. Lakin bu rahatlıq məlumat təhlükəsizliyi baxımından ciddi suallar doğurur.
İrem Akyüz Çaylak bu məsələdə həm texniki, həm də etik riskləri vurğulayır: “Terapiyada süni intellektdən istifadə məlumatların məxfiliyi və təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır. Pasiyent məlumatları son dərəcə həssasdır və icazəsiz girişə və istifadəyə qarşı qorunmalıdır.”
Bu sistemlərdən istifadə edən şəxslərin məlumatların necə idarə olunduğunu, harada saxlanıldığını və kimlərin bu məlumatlara çıxış imkanının olduğunu bilməsi vacibdir. Bundan əlavə, süni intellekt hansı məlumatlarla öyrədilibsə, həmin məlumatlardakı səhv və qərəzli yanaşmaları da şəxsə təkrarlaya bilər. Bu isə ayrı-seçkilik və ya ədalətsiz yanaşma riskini artırır.
Lakin unudulmaması gerəkən bir məsələ var ki, o da insanın insana olan ehtiyacının bitməyəcəyidir. Bəli, texnologiya inkişaf edir, sistemlər təkmilləşir. Lakin insan ruhunun ehtiyac hiss etdiyi əsas amil dəyişmir: real və təhlükəsiz əlaqələr.
Klinik psixoloq İrem Akyüz Çaylak hesab edir ki, bu fərq aradan qalxmayacaq: “Süni intellekt sistemləri daha mürəkkəb hala gəlsə belə, terapevtlərin yerini tamamilə tutacağını düşünmürəm. Çünki terapiyada insanın dəyişməsinə ən çox təsir edən amil onun terapevtlə qurduğu etibarlı münasibətdir. Pasiyentin peşəkarla insani və təhlükəsiz münasibət təcrübəsi yaşaması vacibdir.”
Beləliklə, süni intellekt terapiyası müəyyən hallarda müvəqqəti rahatlıq yarada bilər. Lakin həqiqi mənada sağalma hələ də insani təmas, təhlükəsiz münasibət və peşəkar əlaqə çərçivəsində mümkün olur. Unutmayaq ki, texnologiya bir vasitədir və terapevti əvəz etmir.