İran rəsmisi Tramp və Netanyahunu İran xalqının əsas qatilləri adlandırıb
Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-ın hərbi hücum təhdidindən sonra iranlı mülki şəxslərin öldürüləcəyi təqdirdə məsuliyyətin ABŞ və İsrailin üzərinə düşəcəyini bildirib
Yüksək vəzifəli iranlı rəsmi ABŞ prezidenti Donald Trampın zorakılıq əhatə edən etirazlara müdaxilə ilə bağlı təhdidinə cavab olaraq iranlı mülki şəxslərin öldürülməsinə görə ABŞ və İsrailin məsuliyyət daşıyacağını qeyd edib.
Trampın iranlıları dövlət qurumlarını “ələ keçirməyə” çağıran sosial media paylaşımından dərhal sonra İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi keçmiş parlament sədri Əli Laricani “X” platformasında belə yazıb: “İran xalqının başlıca qatillərinin adlarını elan edirik: 1- Tramp 2- Netanyahu”.
Laricaninin bu sözləri Trampın iranlıları ölkə rəhbərliyinə qarşı etirazları davam etdirməyə təşviq etməsindən və onlara “yardım yoldadır” deməsindən sonra səsləndirilib.
İranlı rəsmilər bildiriblər ki, cümə axşamından bəri ölkə üzrə ard-arda baş verən kütləvi etiraz gecələri 1979-cu il inqilabından bu yana hakimiyyətin üzləşdiyi ən böyük çağırışlardan biridir və ölkədə nəzarətin yenidən bərpa olunduğunu iddia ediblər.
Ağır sanksiyalar altında olan ölkədə son həftələrdə pisləşən iqtisadi vəziyyət və İran milli valyutası rialın sürətlə dəyər itirməsi fonunda genişmiqyaslı etirazlar baş verib.
Trampdan İrandakı etirazçılara ünvanladığı “yardım yoldadır” məzmunlu paylaşımının nə demək olduğu soruşulduqda, jurnalistlərə “Bunu özünüz həll etməli olacaqsınız. Üzr istəyirəm,” cavabını verib.
Tramp sürətli taktiki qələbə axtarışındadır
Tramp daha sonra “CBS News” telekanalına verdiyi müsahibədə İran hökuməti etirazçıları edam etməyə başlayarsa, ABŞ-ın “çox sərt addımlar” atacağını bildirib, lakin bu addımların nədən ibarət olacağını açıqlamayıb.
“Dar ağacları barədə heç nə eşitməmişəm. Əgər assalar, bəzi şeylər görəcəksiniz... Belə bir şey etsələr, çox sərt addımlar atacağıq” deyən Tramp İranla bağlı siyasətinin əsas məqsədinin nə olduğu sualına isə “Son məqsəd qalib gəlməkdir. Qalib gəlməyi sevirəm” cavabını verib.
Tramp daha əvvəl Nikolas Maduronun qaçırılması və 2020-ci ildə iranlı general Qasım Süleymaninin öldürülməsi kimi sürətli taktiki qələbələrə istinad edərək deyib: “İranda baş verənləri görmək istəmirik. Etiraz etmək istəyirlərsə, bu başqa məsələdir. Minlərlə insanı öldürməyə başlayırlarsa və indi mənə edamlardan danışılırsa, bunun onlar üçün necə nəticələnəcəyinə baxacağıq. Bu yaxşı nəticələnməyəcək”.
Digər tərəfdən, yanvarın 13-də “Axios” Trampın səfiri Stiv Uitkoffun həftəsonu İranın devrilmiş şahının böyük oğlu ilə görüşdüyünü yazıb.
Rza Pəhləvi ilə baş tutduğu bildirilən görüş Tehran tərəfindən ABŞ və İsrailin qızışdırdığı deyilən ölkə miqyaslı etirazların başlamasından bəri ilk təmas olub.
Həmçinin həmin gün İran və Qətər rəsmiləri ABŞ-ın mümkün hərbi əməliyyatı ilə bağlı narahatlıqlar fonunda danışıqlar aparıblar.
Laricani Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl Tani ilə telefon danışığı aparıb.
Əl Tani “X” platformasında yaydığı açıqlamada “Qətər Dövlətinin bütün gərginliyin azaldılması səylərini və regionda təhlükəsizliklə sabitliyin artırılması üçün sülh yolu ilə həll yollarını dəstəklədiyini bir daha vurğuladım”, -deyə qeyd edib.
Qətər İranın nüvə obyektlərinə ABŞ tərəfindən edilən hücumlara cavab olaraq Dohadan kənarda yerləşən Əl-Udeyd Hərbi Hava Bazasında olan ABŞ qüvvələrini hədəf alması səbəbindən, iyun ayında İsrailin apardığı 12 günlük müharibə zamanı çarpaz atəş altında qalmışdı.