Yaponiyada güclü qar yağışı nəticəsində ölənlərin sayı 30-a çatıb
Qar kütləsi bəzi yaşayış binalarının damlarının çökməsinə səbəb olub
Yaponiyada qeydə alınan qeyri-adi dərəcədə intensiv qar yağışı son iki həftə ərzində 30 nəfərin ölümünə səbəb olub. Bu barədə malumat yanvarın 3-də (bu gün) Fövqəladə Halların İdarə Edilməsi Agentliyi tərəfindən yayılan açıqlamada bildirilib.
Ölənlərdən birinin evinin qarşısında üç metr hündürlüyündə qar yığınının altında qalan 91 yaşlı qadın olduğu qeyd edilib. Adının açıqlanmasını istəməyən yerli polis əməkdaşı AFP-yə bildirib ki, ilkin ehtimallara görə, damdan düşən qar qadının üzərinə çöküb və ölüm səbəbi boğulma olub. Meyitin yaxınlığında bir kürək tapılıb. Polis rəsmisi AFP-yə açıqlamasında deyib: “Hava isindikcə yığılan qar əriyir və düşür. Bu, qarın miqdarından və temperaturdan asılıdır. Dam altları təhlükəlidir.”
Aomori bölgəsinin qubernatoru Soiçiro Miyaşita fevralın 2-də Yaponya ordusundan fəlakətlə bağlı yardım istədiyini açıqlayıb. Bundan sonra Yaponiya hökuməti ən çox zərər çəkən Aomori bölgəsində yaşayanlara yardım göstərilməsi üçün əraziyə hərbçilərin yerləşdirilməsi ilə bağlı göstəriş verib.
Qubernator regional mərkəz olan Aomori şəhərində hündürlüyü 1,8 metrədək çatan qar divarlarının yarandığını qeyd edərək, yollarda və yaşayış məntəqələrində qar təmizləmə işlərinin kifayət etmədiyini vurğulayıb. S.Miyaşita bildirib ki, bu yardım əsasən tək yaşayan və qar təmizləmə işlərində köməyə ehtiyacı olan yaşlı sakinlərə dəstək məqsədi daşıyır.
Baş nazir Sanae Takaiçi fevralın 3-də (bu gün) səhər saatlarında nazirlərlə xüsusi iclas keçirərək, ölüm hadisələrinin və qəzaların qarşısının alınması üçün mümkün olan bütün tədbirlərin görülməsi barədə tapşırıq verib.
Qeyd edək ki, güclü soyuq hava kütləsi son həftələr ərzində Yaponiya dənizi sahili boyunca intensiv qar yağışına səbəb olub. Bəzi bölgələrdə qarın miqdarı normadan iki dəfə artıq olub. Ölkənin ucqar bölgələrində qar örtüyü hündürlüyünün 4,5 metrədək yüksəldiyi bildirilib.