Avropada Qlobal Qətiyyət Donanmasına edilən hücuma qarşı kütləvi etiraz aksiyaları keçirilir

İsrail qüvvələri oktyabrın 1-də Qəzza sahillərinə yaxınlaşan donanmaya hücum edərək onlarla qayığı ələ keçirib və yüzlərlə şəxsi saxlayıb

Avropada Qlobal Qətiyyət Donanmasına edilən hücuma qarşı kütləvi etiraz aksiyaları keçirilir / Reuters

Oktyabrın 3-də Avropanın müxtəlif şəhərlərində on minlərlə insan İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Qətiyyət Donanmasına etdiyi hücuma etiraz olaraq küçələrə axışıb.

İsrail qüvvələri oktyabrın 1-də Qəzza sahillərinə yaxınlaşan donanmaya hücum edərək onlarla qayığı ələ keçirib və yüzlərlə şəxsi saxlayıb.

Fransanın paytaxtı Parisdəki tarixi "Place de la Republique" meydanında toplaşan nümayişçilər hücumu pisləyərək “Fələstin sənin deyil” və “Yaşasın Fələstin” kimi şüarlar səsləndiriblər. Etirazçılar saxlanılan donanma üzvlərinin dərhal azad olunmasını tələb ediblər.

Belçikada isə yüzlərlə insan Brüsseldə Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Vətəndaş cəmiyyəti təşkilatlarının təşəbbüsü ilə keçirilən aksiyada "Hər kəsin gözü Qəzzada" yazılmış plakatlar qaldırılıb, Fələstin bayraqları dalğalanıb. Etirazçılar Xarici İşlər Nazirliyindən Avropa Parlamentinin qarşısındakı Lüksemburq meydanına yürüş edərək “Azad Fələstin”, “Fələstinlə həmrəylik” və “Qəzzəyə azadlıq” şüarları səsləndiriblər.

Aksiya iştirakçıları Belçika hökuməti və Avropa İttifaqı qurumlarını donanmaya və Fələstin xalqına daha güclü dəstək göstərməyə çağırıblar.

İspaniyada da həmrəylik aksiyaları keçirilib. Vətəndaş cəmiyyəti təşkilatlarının və siyasi partiyaların təşkilatçılığı ilə ölkənin 24 böyük şəhərində etirazlar baş tutub. Ən genişmiqyaslı aksiyalar Madrid və Barselonada qeydə alınıb.

Madridin Santa Kruz sarayında yerləşən Xarici İşlər Nazirliyinin qarşısında minlərlə insan toplaşaraq donanma üzvlərinin dərhal azad olunmasını tələb edib. Etirazçılar eyni zamanda hökumətdən Netanyahu administrasiyasına qarşı daha sərt sanksiyaların tətbiqini istəyiblər. “İsraili boykot edin”, “Holokostu dayandırın” və “Azad Fələstin” şüarları səsləndirən iştirakçılar əsas yolları bağlamağa cəhd göstəriblər. Bu zaman etirazçılarla polis arasında qısamüddətli qarşıdurmalar da yaşanıb.

Barselonada isə etirazlar həm donanmanın avqustun 30-da yola çıxdığı limanda, həm də İsrail konsulluğunun qarşısında keçirilib. Valensiya, Pamplona, Toledo, Sevilya və Bilbaoda da oxşar aksiyalar təşkil olunub. Həftəsonu etiraz yürüşlərində daha böyük izdihamın toplanacağı gözlənilir.

Etirazlar yerli siyasətə də sıçradı. Madrid Regional Parlamentində sol təmayüllü "Más Madrid" partiyasının üzvlərinin parlamentin zalında Fələstin bayrağını açması, hakim mühafizəkar ‘‘Xalq Partiyası’’ nümayəndələri ilə gərgin mübahisəyə səbəb olub.

Araqon parlamentində isə deputatlar Qəzza və "Qlobal Qətiyyət Donanması"nın üzvlərini anmaq üçün bir dəqiqəlik sükut elan ediblər. Lakin ifrat sağçı "Vox" partiyasının təmsilçiləri bu aksiyaya etiraz olaraq zalı tərk ediblər.

İspaniyanın Xarici İşlər naziri Xose Manuel Albares Türkiyə, Belçika, İrlandiya, Braziliya və Avropa İttifaqının Xarici Siyasət üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüş keçirib. Yerli media bu diplomatik fəallığı “telefon diplomatiyası” adlandıraraq, görüşlərin əsas mövzusunun donanma üzvlərinin müdafiəsi olduğunu bildirib. Görüş iştirakçıları bu məsələ ilə bağlı ortaq mövqe nümayiş etdiriblər.

İsveçrədə də minlərlə insan Cenevrənin ‘‘Liza Girardin’’ meydanında etiraz aksiyası keçirib. Etirazçılar fransız, ərəb və ingilis dillərində şüarlar səsləndirərək İsrailin Qəzzaya tətbiq etdiyi blokadanın dərhal dayandırılmasını və humanitar yardımın maneəsiz şəkildə çatdırılmasını tələb ediblər.

Oxşar mitinqlər Bern, Bazel, Luqano, Luzern və Sürix şəhərlərində də baş tutub. Cenevrədə keçirilən aksiya polis nəzarəti altında, insidentsiz şəkildə saatlarla davam edib.

Böyük Britaniyada isə yüzlərlə insan Londondakı ‘‘Parlament’’ meydanında toplaşaraq dövlət qurumlarının yerləşdiyi Uaythall istiqamətində yürüş keçirib. Əllərində Fələstin bayraqları olan etirazçılar “Azad Fələstin” və “Qəzzanı bombalamayın” kimi şüarlar səsləndiriblər.

Aksiya zamanı nəqliyyatın hərəkəti dayanıb, bəzi avtobus sürücüləri isə etirazçılarla həmrəy olaraq siqnal çalıblar. Polis nümayişçilərin ‘‘Trafalqar’’ meydanına doğru hərəkət etməsinə mane olub. Yaranan gərginlik toqquşmalara və bir neçə nəfərin saxlanmasına səbəb olub. Paytaxtın digər hissələrində də kiçikmiqyaslı etiraz aksiyalarının keçirildiyi bildirilir.

Yunanıstanda minlərlə insan “Qəzzada soyqırımı dayandırın” və “Blokadanı qırın, Fələstinə azadlıq” şüarları səsləndirərək Afinadakı İsrail səfirliyinə doğru yürüş edib.

Etirazın təşkilatçıları tərəfindən səsləndirilən birgə bəyanatda İsrail beynəlxalq hüququ pozmaqda ittiham olunub və donanmanın missiyasının humanitar yardımın çatdırılması üçün qanuni bir təşəbbüs olduğu vurğulanıb.

Oxşar aksiyalar Saloniki, Patras, Xaniya, Lesbos, Sakız adaları, Volos və Larissada da keçirilib. Etirazçılar donanmada olan 27 yunan vətəndaşının dərhal azad olunmasını tələb ediblər.

İsrail donanması çərşənbə gecəsi Qəzza sahillərinə yaxınlaşan Qlobal Qətiyyət Donanmasına hücum edərək azı 443 fəalı saxlayıb. Təşkilatçılar bildiriblər ki, ümumilikdə 22 gəmi ələ keçirilib, daha 19 gəmi isə hücuma məruz qalsa da, hələlik bu barədə rəsmi sənədləşmə aparılmayıb.

Donanmadakı dörd gəmidən ikisi texniki dəstək məqsədilə geri qayıdıb, texniki nasazlıq səbəbilə gecikən "Marinette" adlı gəmi isə Qəzzaya doğru səyahətini davam etdirir.

Əsasən humanitar yardım və tibbi ləvazimatlarla yüklənmiş bu donanma avqust ayının sonunda yola çıxmışdı. Bu, illər sonra ilk dəfə idi ki, yüzlərlə mülki fəalın müşayiəti ilə təxminən 50 gəmi Qəzzaya doğru hərəkət edirdi.

İsrail təxminən 2,4 milyon insanın yaşadığı Qəzza zolağına artıq 18 ildir blokada tətbiq edir. 2025-ci ilin mart ayında sərhəd keçidlərini tam bağlayaraq ərzaq və dərmanların bölgəyə daxil olmasının qarşısını alıb. Bu isə bölgədə aclığın dərinləşməsinə və humanitar fəlakətin daha da ağırlaşmasına səbəb olub.

İsrailin 2023-cü ilin oktyabr ayından bəri Qəzzaya qarşı həyata keçirdiyi hücumlar nəticəsində, əksəriyyəti qadın və uşaqlar olmaqla, 66.200-dən çox fələstinli həyatını itirib.

Birləşmiş Millətlər Təşkilatı və insan haqları təşkilatları Qəzzada humanitar vəziyyətin sürətlə pisləşdiyi barədə dəfələrlə xəbərdarlıq ediblər. Mühasirə altında olan ərazi artıq yaşayış üçün yararsız hala düşüb. Ərzaq, su və dərman çatışmazlığı milyonlarla insanın həyatını təhlükə altına alıb.