Texnologiya nəhənglərinin üzləşdiyi problemlər

Bugünkü böyük texnologiya şirkətləri süni intellekt inqilabının sütunlarını formalaşdırmaq üçün misilsiz həcmdə vəsait xərcləyir

By
Texnologiya nəhənglərinin üzləşdiyi problemlər / Reuters

Süni intellekt üstünlüyü yarışında ABŞ-ın böyük texnologiya nəhənglərinin pulu da var, çipləri də. Lakin onların qarşısına yeni bir maneə çıxıb: elektrik enerjisi.

“Microsoft”un baş direktoru Satya Nadella, “OpenAI” rəhbəri Sam Altman ilə birgə iştirak etdiyi bir podkastda bunu etiraf edib: “Artıq ən böyük problemimiz hesablama gücünün çoxluğu deyil, enerjidir. Əgər bu problemi həll edə bilməsək, anbarda istifadəyə yararlı çoxlu çip qala bilər.”

“Google”, “Microsoft”, AWS (Amazon) və “Meta” (Facebook) hazırda geniş nağd ehtiyatlardan istifadə edərək, bu mərhələdə həvəskar investorların dəstəyi ilə, 2025-ci ildə təxminən 400 milyard dollar, 2026-cı ildə isə daha çox vəsait xərcləməyi planlaşdırır.

Bu qədər vəsait, texnologiya gücü yarışında zəruri olan milyonlarla çipi əldə edərək mövcud ilk çip qıtlığını bir qədər yüngülləşdirib. Həmçinin texnologiya nəhəngləri qlobal lider “Nvidia”ya çatmağa çalışarkən öz prosessor istehsalını da sürətləndirib.

Bu çiplər sonradan soyutma üçün böyük həcmdə su tələb edən nəhəng məlumat mərkəzlərində istifadə olunacaq.

ABŞ-da belə məlumat mərkəzlərinin tikintisi təxminən iki il, onları elektrik şəbəkəsinə qoşaacaq yüksək gərginlik xətlərinin çəkilməsi isə beş ildən on ilədək vaxt aparır.

 

Enerji divarı

Silikon Vadisində “hiperskaler” adlandırılan böyük texnologiya şirkətləri enerji problemnin yaxınlaşdığını uzun müddət əvvəl sezməyə başlamışdılar. Cəmi bir il əvvəl Virciniya ştatının əsas enerji təchizatçısı “Dominion Energy”nin məlumat mərkəzləri üçün qəbul etdiyi sifarişlərin ümumi gücü artıq 40 giqavat idi — bu, 40 nüvə reaktorunun istehsal gücünə bərabərdir.

Şirkətin son açıqlamasına əsasən, Virciniyada yerləşdirilməsi tələb olunan ümumi güc artıq 47 giqavata çatıb.

Artıq elektrik tariflərinin yüksəlməsində ittiham edilən məlumat mərkəzləri müxtəlif hesablamalara görə 2030-cu ildə ABŞ-ın ümumi elektrik istehlakının 7–12 faizini təşkil edə bilər. Bu göstərici hazırda təxminən 4 faizdir.

Lakin bəzi mütəxəssislər hesab edir ki, bu proqnozlar həddindən artıq şişirdilmiş ola bilər. UC Berkeley Universitetindən tanınmış ekspert Conatan Kumi sentyabr ayında bildirib ki,
həm enerji şirkətləri, həm də texnologiya şirkətləri elektrik istifadəsindəki artımı daha böyük göstərməkdə maraqlıdırlar.

Onun sözlərinə görə, 1990-cı illərin sonundakı internet məsələsində olduğu kimi, hazırda planlaşdırılan və elan edilən çoxlu sayda məlumat mərkəzi heç vaxt tikilməyəcək.

 

Təcili kömür

Əgər bu proqnozlar reallaşarsa, Morqan Stanley hesab edir ki, 2028-ci ilə qədər ABŞ-da 45 giqavatlıq enerji çatışmazlığı yaranacaq — bu, 33 milyon ev təsərrüfatının enerji istifadəsinə bərabərdir.

Artan enerji ehtiyacı səbəbilə bir sıra ABŞ enerji şirkətləri kömür stansiyalarının bağlanmasını artıq təxirə salıblar. Beynəlxalq Enerji Agentliyinə görə, dünyada məlumat mərkəzlərinin təxminən 40 faizi təbii qazla işləyir.

Məlumat mərkəzlərinin sürətlə artdığı Corciya ştatında enerji təchizatçılarından biri 10 giqavatlıq qaz generatoru qurmaq üçün rəsmi icazə istəyib.

Bəzi şirkətlər və İlon Maskın “xAI” təşəbbüsü elektrik istehsalını tez artırmaq üçün xaricdən işlənmiş elektrik generatorları və enerji istehsal mühərrikləri alırlar. Hətta əvvəllər nadir sayılan bir üsul olan təyyarə mühərriklərinin elektrik istehsalı üçün yenidən istifadəsi belə indi şirkətlər arasında maraq doğurur.

Şimali Dakotanın qubernatoru Doq Burqum məsələylə bağlı oktyabr ayında belə deyib:
“Hazırda real təhtid iqlim dəyişikliyinin ortalama temperatur artımı deyil. Ən real təhlükə əgər kifayət qədər enerji gücümüz olmazsa, süni intellekt yarışını uduzmağımızdır.”

 

Nüvə enerjisi, günəş və kosmos?

Texnologiya şirkətləri iqlim öhdəliklərini tədricən arxa plana keçirirlər. “Google” 2030-cu ilə qədər sıfır karbon emissiyası hədəfi qoymuşdu, lakin bu öhdəlik iyun ayında şirkətin saytından çıxarılıb.

Bunun əvəzində şirkətlər uzunmüddətli enerji layihələrinə diqqət yetirirlər. “Amazon” ənənəvi nüvə reaktorlarına nisbətən daha asan tikildiyi iddia olunan və hələ də sınaq mərhələsində olan Kiçik Modul Reaktorların (SMR) tətbiqini dəstəkləyir. “Google” 2029-cu ildə Ayova ştatında bir reaktoru yenidən işə salmağı planlaşdırır.

Bundan əlavə, ABŞ administrasiyası oktyabr ayında 2030-cu ilə qədər on yeni ənənəvi nüvə reaktorunun tikintisinə başlamaq üçün 80 milyard dollarlıq investisiya proqramı açıqlayıb.

“Hiperskaler” şirkətləri Kaliforniya və Texas ştatlarında günəş enerjisi və enerji saxlama sistemlərinə böyük sərmayə yatırırlar. Texas şəbəkə operatoru təkcə bu texnologiyalardan 2030-cu ilə qədər 100 giqavatlıq əlavə enerji gücü yaratmağı planlaşdırır.

Son olaraq, İlon Mask “Starlink” proqramı vasitəsilə, “Google” isə günəş enerjisi ilə işləyən orbitdə çip yerləşdirmək ideyasını irəli sürüb. “Google” bu layihə üzrə ilk sınaqları 2027-ci ildə keçirməyi planlaşdırır.