İspaniyada qatar toqquşmasında ölənlərin sayı 39-a çatıb
Hadisə İspaniyanın Kordoba əyalətinin Adamuz qəsəbəsi yaxınlığında baş verib
Yanvarın 19-da (bu gün) İspaniyanın Kordoba əyalətinin Adamuz qəsəbəsi yaxınlığında iki sərnişin qatarı toqquşub. Xilasetmə işlərinin davam etdiyi hadisədə həlak olanların sayı 39-a çatdığı bildirilir.
Qəza hadisəsi yüksək sürətli qatarlardan birinin relsdən çıxaraq qarşı xəttə keçməsi və həmin istiqamətdən gələn digər qatarla toqquşması nəticəsində baş verib. Fövqəladə hallar üzrə xidmətlər gecə boyunca dağıntılar altında sağ qalanların axtarışını aparıb. Rəsmilər onlarla insanın yaralandığını bildiriblər.
Hər iki qatarda ümumilikdə təxminən 400 sərnişin olub. Yanvar ayının İspaniyada turizm mövsümü olmaması səbəbindən sərnişinlər arasında neçə nəfərin turist olduğu hələlik müəyyən edilməyib.
Bildirilir ki, İspaniya Qızıl Xaç Komitəsi fövqəladə hallar əməkdaşlarına və xəsarət alanların yaxınlarına dəstək göstərmək üçün Adamuzda yardım mərkəzi açıb. İspaniyanın mülki mühafizə qüvvələri və mülki müdafiə bölmələri gecə boyunca hadisə yerində qalıblar. Qəzanın səbəbi isə hələlik məlum deyil.
İspaniya nəqliyyat naziri Oskar Puente “X” sosial platformasında bildirib ki, ikinci qatarın ilk iki vaqonu relsdən çıxıb. Nazir O.Puente qəzanın səbəbinin hələ müəyyən edilmədiyini bir daha vurğulayıb.
Baş verən qəzadan dərhal sonra jurnalistlərə açıqlama verən O.Puente hadisəni qəribə adlandıraraq qeyd edib ki, qəza may ayında 700 milyon avro (728 milyon ABŞ dolları) vəsait xərclənərək yenilənmiş, düz bir rels sahəsində baş verib. Nazir həmin relsin mükəmməl vəziyyətdə olduğunu və qatarın cəmi dörd il əvvəl istehsal edilmiş olduğunu əlavə edib.
Xatırladaq ki, İspaniyada 2013-cü ildə Madriddən Qalisiyaya gedən yüksək sürətli qatarın relsdən çıxması nəticəsində 79 nəfər həlak olmuş, 179 insan isə yaralanmışdı. Bu hadisə ölkə tarixinin ən ölümcül dəmir yolu qəzalarından biri kimi qeydə alınıb.