Azərbaycan Ermənistana neft məhsullarının tədarükünü həyata keçirəcək

Yanvarın 7-də “Trend” xəbər agentliyi də daxil olmaqla Azərbaycan mediası tədarükün yanvarın 8-də baş tutacağını bildirib

By
Azərbaycan Ermənistana növbəti neft məhsullarının tədarükünü həyata keçirəcək / AA

Azərbaycan yanvarın 8-də Ermənistana növbəti neft məhsullarının tədarükünü həyata keçirəcək. Bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin sözçüsü Lilit Şaboyan “Armenpress” agentliyinə müsahibəsində bildirib.

Yanvarın 7-də “Trend” xəbər agentliyi də daxil olmaqla Azərbaycan mediası tədarükün yanvarın 8-də baş tutacağını bildirib. Məlumata görə, neft məhsulları Güzdək dəmir yolu stansiyasından və Bakı yük stansiyasından göndəriləcək. Tədarük çərçivəsində Ermənistana 1 000 ton RON-92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton RON-95 markalı benzin çatdırılacaq.

Qeyd edək ki, Azərbaycan 2024-cü ilin dekabrında ilk dəfə olaraq Ermənistana yerli istehsal olan neft məhsullarının ixracını həyata keçirib.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan rəsmi “Facebook” səhifəsində paylaşım edərək deyib: “Bu, bəlkə də təkcə iki ölkə arasında sülhün bərqərar olmasından sonra deyil, ümumiyyətlə müstəqillik əldə edildikdən bəri Ermənistanla Azərbaycan arasında ilk ticarət-iqtisadi əməliyyatdır”.

Xatırladaq ki, Azərbaycan və Ermənistan 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən üçtərəfli sammitdə onilliklər davam edən münaqişəyə son qoyulması, hərbi əməliyyatların dayandırılması, nəqliyyat yollarının yenidən açılması və münasibətlərin normallaşdırılması ilə bağlı öhdəlikləri əks etdirən bəyannamə imzalayıblar.