Rəsmi məlumatlara görə, Meksikada yağan aramsız yağışlara görə baş verən sel fəlakətində təxminən 42 adam həyatını itirib, 27 nəfər isə itkin düşüb. Bu barədə Meksika Milli Mülki Müdafiə Koordinasiyası (CNPC) məlumat yayıb.
Meksika hakimiyyəti oktyabrın 11-də açıqlama verərək bildirib ki, təbii fəlakət müxtəlif bölgələrdə ciddi dağıntılara səbəb olub. Güclü yağışlar Verakruz, Puebla, Hidalqo, Queretaro və San Luis Potosi ştatlarında dağıdıcı selə yol açıb.
Ən çox zərər çəkən bölgələrə yardım göndərilir
Meksika prezidenti Klaudiya Şeinbaum selin təsirinə məruz qalan beş ştatın qubernatorları ilə onlayn iclas keçirərək fövqəladə vəziyyətin hesabatı aparılıb. Prezident toplantıdan sonra açıqlamasında deyib: “Heç bir zərərçəkən yardımsız qoyulmayacaq. Federal hökumətin xüsusi nümayəndələri yolları yenidən açmaq və əhaliyə yardım çatdırmaq üçün vəzifələndirilib”.
Qeyd edək ki, bu hadisə son illərin ən ağır sel fəlakətlərindən biri kimi qiymətləndirilir. Hakimiyyət orqanları dağ yamaclarında baş verə biləcək torpaq sürüşmələri və daşan çaylar səbəbindən vəziyyətin daha da ağırlaşacağından ehtiyat edir.
Hazırda güclü yağışlar bir çox bölgələrdə davam edir, avtomobil yolları, küçələr və yaşayış evləri hələ də sel suları altındadır.












