Venesuelada ABŞ-ın hərbi müdaxiləsindən sonra 26 Aİ ölkəsi beynəlxalq hüquqa hörmətə çağırıb

Avropa İttifaqının (Aİ) xarici əlaqələr üzrə ali nümayəndəsi Kaya Kallas tərəfindən yayımlanan bəyanatı Macarıstan istisna olmaqla, Aİ-yə üzv bütün ölkələr dəstəkləyib

By
Avropa İttifaqının (Aİ) xarici əlaqələr üzrə ali nümayəndəsi Kaya Kallas / AP

Venesuelada ABŞ-ın son hərbi müdaxiləsindən sonra 26 Aİ üzvü ölkə beynəlxalq hüquqa hörmət göstərilməsinə çağıraraq sakitlik və təmkin nümayiş etdirilməsini istəyib.

Avropa İttifaqının (Aİ) xarici əlaqələr üzrə ali nümayəndəsi Kaya Kallas tərəfindən yanvarın 4-də gecə yayımlanan birgə bəyanatda deyilib:
“Avropa İttifaqı böhranın dərinləşməsinin qarşısını almaq və sülh yolu ilə həllə nail olmaq üçün bütün tərəfləri sakit və ölçülü davranmağa çağırır. Aİ hər bir halda beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinin qorunmasının vacibliyini xatırladır”.

Bəyanat Macarıstan istisna olmaqla 26 üzv dövlət tərəfindən dəstəklənib və BMT Təhlükəsizlik Şurasının üzvlərinə beynəlxalq təhlükəsizlik əsaslarının sütunlarından biri olan beynəlxalq hüququn prinsiplərini qorumaqla bağlı “xüsusi məsuliyyətlərini” xatırladıb.

Bəyanatda qeyd olunub ki, Aİ dəfələrlə Nikolas Maduronun demokratik yolla seçilmiş prezidentin legitimliyinə malik olmadığını bildirib və ölkənin suverenliyinə hörmət edən, Venesuela rəhbərliyində sülh yolu ilə demokratiyaya keçidi dəstəkləyib. Venesuela xalqının öz gələcəyini müəyyənləşdirmə hüququna hörmət göstərilməlidir. Eyni zamanda, beynəlxalq təşkilatlanmış cinayətkarlıq və narkotik qaçaqmalçılığı ilə mübarizənin yalnız “beynəlxalq hüquqa, ərazi bütövlüyü və suverenlik prinsiplərinə tam hörmət əsasında, davamlı əməkdaşlıq yolu ilə” mümkün olduğu vurğulanıb.

Bəyanatda həmçinin bildirilib ki, ABŞ-la, eləcə də regional və beynəlxalq tərəfdaşlarla sıx təmasdayıq. Bütün aidiyyəti tərəflərlə dialoqu dəstəkləmək və asanlaşdırmaq üçün çalışırıq. Bu dialoq venesuelalıların rəhbərliyi ilə aparılan, danışıqlar yolu ilə əldə edilmiş, demokratik, inklüziv və sülhpərər həllə gətirib çıxarmalıdır.

ABŞ-ın hərbi müdaxiləsi

Bəyanatda Venesuela xalqının demokratiyanı yenidən qurmaq və mövcud böhranı həll etmək iradəsinə hörmət göstərilməsinə çağırış edilib. Eyni zamanda vurğulanıb ki, hazırda Venesuelada saxlanılan bütün siyasi məhbuslar qeyd-şərtsiz azad edilməlidir. Aİ-yə üzv ölkələrin konsulluq qurumları, Venesuelada qanunsuz saxlanılanlar da daxil olmaqla Aİ vətəndaşlarının təhlükəsizliyini qorumaq məqsədilə sıx koordinasiya şəraitində fəaliyyət göstərir.

Bəyanat prezident Donald Trampın ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatının Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ələ keçirilməsi ilə nəticələndiyini bildirməsindən sonra yayımlanıb. Tramp zərurət yaranacağı təqdirdə ABŞ qoşunları vasitəsilə ölkə üzərində müvəqqəti olaraq Amerika nəzarətinin qurulacağını da deyib.

Maduro və Flores şənbə gecəsi Nyu-Yorka gətirilib və Bruklindəki bir saxlanma mərkəzində tutulurlar. Cütlük narkotik qaçaqmalçılığı ilə əlaqəli və terror təşkilatı kimi tanınan dəstələrlə əməkdaşlıq etmək ittihamı ilə ABŞ federal məhkəməsinin cinayət işləri üzrə ittihamları ilə qarşı-qarşıyadır.

Maduro ittihamları rədd edərkən, Venesuelanın paytaxtı Karakasdakı rəsmilər cütlüyün dərhal azad edilməsini tələb edirlər.