İsrailin Türkiyə vətəndaşı aktivistlərə verdiyi işgəncələr ifşa olundu

Beynəlxalq sularda saxlanılan aktivistlər zorakılıq, təhqir və oğurluqdan danışdı

İsrailin Türkiyə vətəndaşı aktivistlərə verdikləri işgəncələr ifşa olundu / AA

Türkiyədən olan aktivistlər İsrail qüvvələrinin beynəlxalq sularda yardım donanmasına qarşı keçirdiyi hücum və sonrakı saxlanma prosesində onlara qarşı göstərilən pis rəftar, işgəncə, təhqir və irqçi davranışlarla bağlı açıqlamalar veriblər.

Onlar ifadələrində bildiriblər ki, saxlanıldıqları müddətdə döyülüb, təhqir olunub və günlərlə susuz saxlanılıblar. Türkiyə prokurorluğu isə hadisə ilə bağlı araşdırmanı davam etdirir.

İsrailin beynəlxalq sularda ələ keçirdiyi və saxladığı yardım donanmasının üzvlərini daşıyan təyyarə oktyabrın 4-də İsrailin Eylat şəhərindəki “Ramon” hava limanından qalxaraq, yerli vaxtla saat 15:50-də (GMT 12:50) İstanbul hava limanına enib.

Türkiyəyə gətirilənlər arasında 36 nəfər türkiyəli və 23 şəxs malayziyalı olmaqla ümumilikdə 137 aktivist var. Aktivistlər əvvəlcə İstanbulda tibbi müayinədən keçirilib, daha sonra isə şahid qismində prokurorluqda ifadə veriblər.

 

“Qandal, təpik”

Aktivistlərdən Haşmet Yazıcı bildirib ki, onların gəmisi açıq sularda İsrailə məxsus pilotsuz uçuş aparatları (PUA) ilə bombalanıb, nəticədə fiziki xəsarətlər və yelkənin zədələnməsi baş verib. Daha sonra İsrailə aid hücum katerləri gəmini təqib edərək batırmağa cəhd göstərib, ardınca isə xüsusi təyinatlılar gəmini ələ keçirib.

Onun sözlərinə görə, Aşdod limanında aktivistlər üç saat boyunca əlləri arxadan qandallı vəziyyətdə, başları yerə zorla əyilmiş halda beton üzərində diz üstə durmağa məcbur ediliblər. H.Yazıcı bildirib ki, yaşlı və zəif şəxslər uzun müddət bu vəziyyətdə qala bilmədikdə, onların başları yerə təpiklə basdırılıb, səcdə vəziyyətində qandallanaraq bir neçə saat saxlanılıblar.

O, həmçinin türk dilində ifadə vermək istədiklərində bir qadın mühafizəçinin “Murdar türklər, onsuz da pis qoxursunuz” deyə təhqiramiz ifadələr işlətdiyini vurğulayıb. Aktivistlər bu ifadələri irqçi münasibət adlandıranda isə hədələndiklərini bildirib.

H.Yazıcı əlavə edib ki, onlardan “Niyə İsrail ərazilərinə icazəsiz daxil olduqları” soruşulub. O isə cavabında belə deyib: “Biz İsrail ərazilərinə girməmişik, siz bizi beynəlxalq sulardan zorla apardınız. Biz Qəzzaya gedirdik, çünki orada soyqırım baş verir, uşaqlar öldürülür. Biz humanitar yardım aparırdıq və beynəlxalq hüquqa uyğun şəkildə Qəzzaya doğru hərəkət edirdik”.

Əlavə olaraq H.Yazıcı bildirib ki, onlar ivrit dilində yazılmış üç sənədi imzalamağa məcbur edilsələr də, o bundan imtina edib.

 

“İsrail qüvvələri pullarımızı da oğurladı”

Başqa bir aktivist Bekir Develi isə bildirib ki, İsrail qüvvələri tərəfindən həm psixoloji, həm də fiziki zorakılığa məruz qalıb. Onun sözlərinə görə, əlləri arxadan möhkəm qandallanıb, nəticədə qollarında göyərmələr yaranıb. B.Develi deyib ki, saxlanıldıqdan iki gün sonra onlara yemək verilib, lakin dörd gün ərzində su verilməyib. Su istədikdə isə fiziki təzyiqə məruz qalıblar. O, həmçinin namaz qılmağa çalışdıqları vaxt buna mane olunduğunu, şəxsi əşyalarının, o cümlədən pullarının İsrail qüvvələri tərəfindən oğurlandığını bildirib.

Mesut Çakar da yaşadıqlarını danışaraq deyib ki, saxlanıldıqdan və limana gətirildikdən sonra aktivistlər arxadan qandallanaraq üzləri üstə qızmar asfaltın üzərinə uzadılıb və təxminən bir saat orada saxlanılıblar. Bu zaman onun dostu Mustafa Çakmakçının qolu qırılıb. M.Çakar qeyd edib ki, Avropalı vətəndaşlara bu şəkildə pis davranılmayıb, ancaq Türkiyə vətəndaşlarına qarşı alçaldıcı rəftar göstərilib. Onun da şəxsi əşyaları oğurlanıb.

M.Çakar əlavə edib ki, iki saat ərzində qəfəsə bənzər dar bir bölmədə polis maşınında daşınıblar, daha sonra isə İsrail həbsxanasına aparılıblar. Burada da eyni şəraitdə 2-3 saat saxlanılıblar, su verilməyib və üç günlük saxlanılma müddətində məcburən tualet kranından su içiblər. O, həmçinin bir Avstraliya vətəndaşının dindirilmə zamanı döyüldüyünü bildirib.

Onun sözlərinə görə, astma xəstəsi iki aktivist nəfəs darlığından əziyyət çəkib, lakin heç bir dərman verilməyib. M.Çakar deyib ki, hər iki saatdan bir onları oyadaraq həbsxanada yerlərini dəyişiblər. İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir də həbsxananı ziyarət edib, bundan sonra isə fəalları qəfəslərə və kameralara ayıraraq yatmamaları üçün tez-tez yerlərini dəyişiblər. M.Çakar həmçinin İsrail qüvvələrinin onların qarşısında siqaret çəkib gülüşdüklərini, video və foto görüntülər çəkdiklərini də qeyd edib.