Qəzzada iki ildir davam edən soyqırımın ağır nəticələri

İsrailin mühasirəsi minlərlə insanın ölümünə, aclığa və şəhərin xarabalığa çevrilməsinə səbəb olub

Qəzzada iki ildir davam edən soyqırımın ağır nəticələri / AA

Məcburi aclıq, köçürülmə, senzura və cinayət ortaqlığı insan haqları təşkilatlarının “soyqırımın dərs kitabı nümunəsi” adlandırdığı bir vəziyyətə çevrilib.

İsrailin Qəzzaya qarşı başlatdığı müharibənin üzərindən iki il keçib və bölgə hələ də xarabalığa çevrilmiş halda qalır. Əhali aclıqla mübarizə aparır, jurnalistlər susdurulub, dünyanın güclü dövlətlərinin vicdanı isə cinayətə ortaq olmaqdadır.

2023-cü ilin oktyabrında İsrailin Qəzzaya hücumu ilə başlayan proses, 2025-ci ilə gəldikdə BMT tərəfindən rəsmi olaraq soyqırım kimi tanındı. Bu müddət ərzində əksəriyyəti qadın və uşaq olmaqla 67 min nəfərdən çox fələstinli həlak olub, təxminən 170 min nəfər yaralanıb və bütün əhali aclıq və köçürülmə riski ilə üz-üzə qalıb.

 

Aclığın müharibə vasitəsi kimi istifadə etmək

İsrailin sistemli şəkildə Qəzzaya ərzaq, su və yanacaq girişini əngəlləməsi 21-ci əsrin ən ağır humanitar böhranlarından birinə çevirib. Avqustun sonunda BMT Qəzzanın bəzi bölgələrində şiddətli dərəcədə aclıq olduğunu elan edib. Məsələylə bağlı yardım təşkilatları ilə insan haqları qruplarının aylardır etdikləti xəbərdarlıqları təsdiqləməyə məcbur qalıb.

Cenevrədə yerləşən “Euro-Med” İnsan Haqları Monitorinq Təşkilatının rəhbəri Rami Abduya görə, İsrailin blokadası “ərzaq və suyu müharibə silahı və soyqırım vasitəsi kimi istifadə etmə siyasəti” deməkdir.

R.Abdu bildirib: “Qəzzadakı aclıq nə təbii fəlakətlərin, nə də iqtisadi böhranın nəticəsidir. Bu, qəsdən yaradılmış bir vəziyyətdir — aclıq mülki şəxsləri öldürmək üçün silaha çevrilib.”

İsrail 2006-cı ildən bəri Qəzzanın sərhədlərini nəzarətdə saxlayır və əvvəlki blokadalar dövründə hətta fələstinlilər üçün gündəlik kalori həddini hesablamışdı. 2023-cü il oktyabrın 9-da “tam mühasirə” elan edildikdə (bütün ərzaq, su, yanacaq və elektrik kəsildikdən sonra) bölgənin həssas vəziyyətdə olan ərzaq sistemi tamamilə çökdü.

Çörək sexləri bağlandı, su nasosları dayandı, kənd təsərrüfatı torpaqları bombalandı və aclıqdan müharibə vasitəsi kimi istifadə edilməyə başlandı. Balıqçılığa qadağalar qoyuldu, Qəzzanın kənd təsərrüfatı məhv edildi.

Bu ilin əvvəlində aclıq sürətlə yayılmağa başladı. Ən çox təsirlənənlər uşaqlar, hamilə qadınlar və yaşlılar oldu.

Bu müddət ərzində əraziyə göndərilən yardımlar əngəllənərək vəziyyəti daha da kritik hala saldı. İsrailin 2025-ci ildə qurduğu “Qəzza Humanitar Yardım Fondu”na yemnək üçün axın edən mülki əhali isə qoca, qadın, uşaq fərqi qoyulmadan atəşə tutularaq kütləvi qırğınlar törədildi.

BMT bildirir ki, bu bölgələrdə ərzağa çatmağa cəhd edən 1.760-dan çox fələstinli həlak olub, onların təxminən 1.000 nəfəri həmin bölgələrin yaxınlığında qətlə yetirilib.

 

Qıtlıq elan edildi

BMT-nin Ərzaq Təhlükəsizliyi Faza Təsnifatı (IPC) 2025-ci il avqustun 22-də Qəzzada “qıtlıq” elan edib. Bu qərar, həddindən artıq ərzaq çatışmazlığı, kəskin qidalanma pozğunluğu və aclıqdan ölüm kimi üç kritik hədd aşılaraq qəbul olunub.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi aclıqdan təxminən 460 ölüm qeydə alıb. Ölənlərin 150-si uşaqdır. Qəzza şəhərində hər beş uşaqdan biri qida çatışmazlığından əziyyət çəkir.

Lakin İsrailin yaratdığı bu aclıq vəziyyətinə baxmayaraq, təsirli beynəlxalq reaksiya hələ də baş verməyib.

Məsələylə bağlı Rami Abdu deyib: “Dünya ABŞ və Avropanın dəstəyi ilə BMT qərarlarını görməzdən gəlməyə davam edən İsraili dayandıra bilmədi. İsrailin fəaliyyətlərini soyqırım adlandırmaq qarşısının alınması və cəzalandırılması öhdəliklərini işə salmalıdır. Amma praktikada çox az şey edilib.”

Bir ay sonra BMT-nin Müstəqil Beynəlxalq Araşdırma Komissiyası müəyyən etdi ki, İsrail 1948-ci il Soyqırım Konvensiyasında göstərilən beş hərəkətdən dördünü həyata keçirərək soyqırım törədib: kütləvi qətllər, fiziki və psixoloji zərər vermə, həyat şəraitini məhv etmə və doğumların qarşısını alma.

Jurnalistlər üçün ən ölümcül müharibə

Qəzzada İsrailin hücumları zamanı fələstinli jurnalistlər xəbər yaymağa davam edirdilər. onlardan biri də “TRT World”un jurnalisti Yahya Barzaq idi. O, 2025-ci il sentyabrın 30-da Deyr əl-Bəlahda İsrailin hava hücumunda həlak olub. Y.Barzaq müharibədən əvvəl uşaq fotoqrafı kimi tanınırdı. 2023-cü ilin oktyabrından sonra sosial media hesabı dağıntılar, cənazələr və yas görüntüləri ilə doldu. O, müharibənin başlanmasından bəri öldürülən təxminən 250 jurnalist və media işçisindən biri oldu.

Bildirilir ki, Qəzzadakı hadisələr boykotlarla nəticələnən iqtisadi təsirlər doğurub. Belə ki, “McDonald’s”, “Starbucks”, “Coca-Cola”, “Nestle” və “Nike” kimi markaların satışları kəskin şəkildə azalıb. Norveçin 2 trilyon dollarlıq dövlət fondu müharibə cinayətlərinə şərik olma riski səbəbilə beş İsrail bankından və ABŞ mərkəzli “Caterpillar” şirkətindən investisiyalarını geri çəkib.

Avropa İttifaqının İsrailə verdiyi dəstək isə kəskin tənqidlərə səbəb olub. Bundan sonra Aİ İsraillə tərəfdaşlıq sazişini yenidən nəzərdən keçirərək bu ölkəyə qarşı bəzi sanksiyalar təklif edib. Lakin üzv dövlətlər arasında yaranan fikir ayrılığı səbəbindən təklifin tədbiqində çətinliklər yaşanır.