İran ABŞ-nin hücum etməsi halında cavab tədbirləri görəcəyini bildirib

Rəsmi Tehran ABŞ-nin hücumu halında İsrail və ABŞ hədəflərinin legitim olacağını açıqladı

By
İran ABŞ-nin hücumu halında cavab tədbirləri görəcəyini bildirib / Reuters

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Vaşinqton rəhbərliyinin Tehran hökumətinə qarşı hərbi hücuma başlaması halında İsrail və ABŞ-nin hərbi bazalarını birbaşa hədəf kimi qəbul ediləcəyi barədə xəbərdarlıq edib.

Yanvarın 11-də (bu gün) parlament iclasında çıxış edən M.B.Qalibaf prezident Donald Trampa müraciət edərək deyib: “Biz legitim müdafiə çərçivəsində düşmənə qarşı cavab tədbirləri görmək üçün mütləq şəkildə qarşı tərəfdən konkret addımlar gözləməli deyilik. ABŞ-nin hərbi hücumu baş verərsə, həm işğal altındakı ərazilər (İsrail), həm də ABŞ-nin hərbi və dənizçilik mərkəzləri bizim üçün legitim hədəflər olacaq.”

O, İranın hazırda iqtisadi, idraki, hərbi və terror müharibəsi olmaqla dörd cəbhədə İsrail və ABŞ ilə üz-üzə olduğunu bildirərək, bu cəbhələrin “eyni vaxtda açıldığını” qeyd edib.

D.Tramp isə dekabrın 28-dən başlayan etiraz aksiyalarının ölkə üzrə yayılmaqda davam etməsi fonunda yanvarın 10-da iranlıların “azadlıq istəiklərini” söyləyib. Buna görə də o, Amerika Birləşmiş Ştatlarının iranlılara dəstək göstərməyə hazır olduğunu bildirib.